Misli Premyer Liqasının XXVII turunun "Şamaxı" – "Qarabağ" oyunundan (0:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

 

– Futbolçulara və azarkeşlərimizə təşəkkür edirəm. Qalib gələ bilmədiyimizə baxmayaraq, sona qədər yaxşı mübarizə izlədik. Belə hallar olur, edəcək bir şey yoxdur. Qarşıdakı oyunlara baxmalıyıq. Rəqibi təbrik edirəm.

 

– Çempionluq yolunda vacib iki xal itirdiniz, bu, komandaya necə təsir edəcək?

– Artıq kifayət qədər təsirlənmişik. "Sabah" kimi rəqiblə 10 xallıq fərq az deyil. Qarşıdakı oyunlara daha pozitiv yanaşmalıyıq.

 

– Sözlərinizdən belə başa düşüldü ki, bundan sonra titul qazanmaq üçün əsas diqqəti kuboka yönəldəcəksiniz.

 

– Xeyr, çempionatda da hələ maraqlı oyunlarımız var. Qarşıdan "Sabah" və "Neftçi" ilə görüşlər gəlir. Alınmayan mövsümlər də olur. İstənilən halda, sona qədər azarkeşlərimizə yaxşı futbol göstərməliyik.

 

– Növbəti mövsüm üçün komandada köklü dəyişikliklər gözlənilirmi?

 

– Həmişə hər şey istədiyimiz kimi olmur, amma müəyyən dəyişikliklər etmək istəyərdik. Yeni futbolçulara, heyəti gücləndirməyə ehtiyac var.


– İndiyə qədər qazanılan uğurlu nəticələrin, gələn təkliflərin futbolçuların düşüncəsinə nə qədər təsiri olub?

 

– Əlbəttə ki, təsir olub. İstənilən halda, uğurlu mövsüm keçirmişik. Heyətin böyük hissəsinə müxtəlif təkliflər gəlib, amma heyətə yeni qoşulan oyunçulara bunun təsir etməsi bizim üçün mənfi nüansdır.