Misli Premyer Liqasının XXVII turunun "Sabah" – "Zirə" oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Oyun bizim üçün həyəcanlı başladı. Rəqib böyük təzyiq göstərirdi. İrəli çıxanda top itirdik və qol buraxdıq. Sonrakı 10 dəqiqədə də pressinq etdilər. Lakin fasiləyə qədər geridönüş edə bildik. İkinci hissənin əvvəlində standart vəziyyətdən qol buraxdıq. Bundan sonra qol vurmağa çalışdıq, futbolçular xarakter göstərdilər. Oyunun son dəqiqələrində müdafiəmiz etibarlı oynadı və bir xal qazandıq. "Sabah"a qarşı qazanılan hər xal dəyərlidir. Düşünürəm ki, bu nəticə bizim üçün faydalı olacaq.
– İlk hissənin əvvəlində fəal idiniz…
– Bu komanda ilə əvvəlki oyunda 27 dəqiqəyə 3 qol buraxmışdıq. Bu gün də 15-ci dəqiqədə qol buraxanda çalışdım ki, futbolçuları toparlayım, dağılmasınlar.
– Liderlə oyunda xal qazandınız. Bu gün həm də "Qarabağ"a kömək oldunuz. Qarşıdan "Neftçi" ilə oyun gəlir. Həmin görüşü həlledici saymaq olar?
– "Sabah" möhtəşəm oynayır. Qazandığımız xal çox önəmlidir. İki xal "Qarabağ"dan, bir xal "Sabah"dan götürmüşük. Bunlar çox mühümdür. Ötən turda son dəqiqə qolu ilə qələbədən olmuşduq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Narahatlığım o idi ki, birdən bu məyusluq "Sabah"la da oyuna təsir edir. Qarşıda "Neftçi" və "Turan Tovuz"la oyunlarımız var. Ciddi matçlar olacaq. Başa düşürük ki, bu oyunlarda bizi nələr gözləyir.
– İssa Cibrilla və Ayron Qomis sanki meydandan çıxanda narazı idi.
– Onları əvəzetmək istəmirdim. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. Çox məhsuldar oynadı. O da zədədən yeni qayıdıb. Gələcəyi düşünərək bu addımı atdım.
– Mövsümün sonuna az qalıb. İzlədiyiniz oyunçu var?
– Xeyr. Hələki bütün diqqətimiz çempionatdadır. Mövsümün sonunda rəhbərliklə danışacağıq. Hələ tələsmirik.