Avropa Liqasında qrup mərhələsində mübarizəyə qələbəylə başlayan "Qarabağ" Premyer Liqada cari mövsümdə ilk dəfə paytaxtdan kənara çıxırdı. Səfər Qəbələyə eyniadlı klubla görüşə idi. Qurban Qurbanovun komandası bu dəfə son pillədə qərarlaşan "Qəbələ"ylə sınağa çıxırdı. Bu baxımdan son çempionun qələbəsi gözlənilirdi və ilk 11 dəqiqə də proqnozları tam doğrultdu. Belə ki, qonaqlar autsayderin qapısına 2 dəfə yol tapdı.
Artıq 2-ci dəqiqədə hesab açıldı. Nəriman Axundzadənin pressinqindən sonra "Qəbələ"nin stopperi Lukas Afriko topu itirdi və onu ələ keçirən Leandro Andrade məhsuldar ötürməylə Hamidu Keytanı qol müəllifi etdi. Bundan cəmi 9 dəqiqə sonra isə artıq Nəriman özü fərqləndi. Belə ki, gənc hücumçu sağ cinah müdafiəçisi Mateus Silvanın asması başla dəqiq tamamladı. Bu epizodda "Qəbələ"nin qapıçısı Rəşad Əzizlinin çıxışda inamsız oyunu da öz sözünü dedi.
Gözləmək olardı ki, "Qarabağ" qollarının davamını gətirərək, darmadağına imza atacaq, bu dəfə asan qələbə qazanacaq. Amma "Qəbələ" aldığı "soyuq duş"dan tez özünə gələ bildi. Oyunda ən yaxşılardan olan "qırmızı-qaralar"ın sağ cinah müdafiəçisi Rauf Hüseynli yetirməsi olduğu klubu cəzalandırmağa yaxın idi. Əvvəlcə onun zərbəsinə "Qarabağ"ın qapıçısı Andrey Lunyov əla reaksiya göstərdi. Ardından isə Rauf Andreylə təkbətək qaldığı epizodda çox yanlış qərar qəbul edərək özü zərbə vurdu. Rusiyalı qolkiper bu dəfə ayaqlarıyla əla oynadı. Halbuki, "Qəbələ"nin israilli hücumçusu Osama Xalayla tək qalmışdı və ona ötürmə olsaydı, topu boş qapıya göndərəcəkdi. Osama bu epizodda çox əsəbləşərək komanda yoldaşından çox narazı qalmaqda haqlı idi.
Ümumilikdə sakit keçən matçda fasiləyə az qalmış sanki tufan qopdu. "Qarabağ"ın mərkəz müdafiəçisi Kevin Medina ona qarşı sərt oynayan rəqibi Bilal Auşeriyaya daha sərt formada cavab verdi və aləm bir-birinə dəydi. Təsəvvür edin ki, Qurban Qurbanov kimi təmkinli insan da özündən çıxdı, emosiyalarına sahib ola bilməyərək sarı vərəqə aldı. "Qəbələ"də isə daha bir məşqçi, bu dəfə Rasim Ramaldanov qırmızı vərəqə alaraq "texniki zona"dan qovuldu. Oyundan sonra əldə etdiyimiz məlumata görə, baş hakim Elçin Məsiyev Ramaldanova belə ağır cəza verməsini onun meydana daxil olmasıyla əlaqələndirib. Bu isə absurd bir şeydi. Çünki həmin anda demək olar hamı meydanda idi və tək Rasimi görərək, "qırmızı" vemək nə dərəcədə məntiqəyğundu?
Medinanın kobudluğuna görə ona verilən "sarı"yla canını qurtarsaydı, bəxti gətirmiş olacaqdı. Amma artıq VAR var axı və baş hakim monitora göndərildi. Məsiyev epizoda çox baxmadı və "sarı"nı ləğv edərək birbaşa qırmızı vərəqə göstərdi. Bununla da Medina yenidən rəqibə qarşı təcavözkar davranışa görə qovularaq, komandasını çətin vəziyyətdə qoydu.
"Qarabağ" sağ azlığına görə ikinci hissəni daha çox müdafiədə keçirməli oldu. Qurbanov hər 5 əvəzləmədən istifadə edərək, aparıcı futbolçularını da meydana buraxdı, müdafiəni də gücləndirdi. "Qəbələ" hesabda 2 top geridə olduğundan, fərqi tez azaltması psixoloji baxımından vacib idi. Meydan sahiblərinin qol şansları da yetərincə idi. Sadəcə, "qırmızı-qaralar" üçün Lunyov səddi vardı idi ki, onu heç cür keçə bilmirdi. Necə deyərlər, daş qayaya rast gəlmişdi. Andrey həmin axşam sadəcə, möhtəşəm idi. İnanmaq olmurdu ki, 32 yaşlı rusiyalı qapıçı son 2 ildə cəmi 2 rəsmi matç keçirmişdi. Lunyovun Əyyub Allaşın yaxın məsafədən güclü zərbəsinə necə reaksiya verməsi fantastika idi. Amma 76-cı dəqiqədə "Qarabağ"ın da kiperi topun qapıda keçməsinə mane ola bilmədi. "Qəbələ"də rəsmi debütündə yaxşı təsir bağışlayan sabiq "Sabah"lı Zurab Oçiqava qolda əsas pay sahibi oldu. Günahını qolla yuyan Afrikoya topun qapıdan keçməsi üçün yalnız ayağını qoymaq bəs edirdi.
Oçiqavadan söz düşmüşkən, sol cinah müdafiəçisi kimi də oynaya bilərək həmi mövqedə yer alan gürcü əsilli stopper debütündə qırmızı vərəqə də almalı idi. Sadəcə, baş hakim passivində "sarı" olaraq rəqibin ayağına aşkar zərbə vuran Zurabı bağışladı.
"Qəbələ"nin əlavə vaxtı da nəzərə alsaq, hesabı bərabərləşdirmək üçün 20 dəqiqədən çox vaxtı vardı. Böyük qüvvəylə irəli atılan Elmar Baxşıyevin komandası 89-cu dəqiqədə yenidən qapısında top görməsi real idi. Çünki təşkil olunan sürətli əks-hücum zamanı "Qarabağ"ın sonradan meydana çıxan hücumçusu Juninyo Olavio qapıçıya təktəbək çıxaraq hesabı 3:1 edə bilərdi. Di gəl ki, Məsiyev Elvin Cəfərquliyevə görə kobudluğa görə fiti səsləndirərək hücumu dayandırdı. Yəni, bu epizodu üstünlük prinsipinə buraxaraq hücumun bitməsini gözləmək lazım idi. Bunu bilmək üçünsə FİFA referisi olmaq lazım deyil. Amma çox təəssüf ki, beynəxalq dərəcəli hakimimiz bu epizodu çox səhv dəyərləndirdi. Bu da Qurbanovu tam özündən çıxardı və haqlı narazılıq etdi. Matçda 4-cü hakim isə gənc Kamran Əliyev idi ki, hansı ki futbolçu karyerasını "Qarabağ"a həsr edərək canlı əfsanələrindən olan Səttar Əliyevin oğludu. Məsiyev onun çağırışdan sonra "Qarabağ"ın təcrübəli baş məşqçisinə 2-ci sarı vərəqə göstərdi və yekunda bu, "qırmızı"ya çevrildi. Qurbanov 1-cidə "texniki zona" qaydalarını pozduğuna, 2-cidə isə qeyri-idman hərəkətinə görə cəzalandırıldı.
Hər halda, "Qarabağ" yekunda məqsədinə çataraq meydandan qalib ayrıldı. 3 qırmızı vərəqənin qeydə alındığı matçda 3 qol vuruldu və aktivinə 3 xal yazan "Qarabağ" turnir cədvəlində 3-cü pilləyə yüksəldi.
MEHMAN SÜLEYMANOV, Qəbələ