AFFA-nın təşkil etdiyi Gənclər Liqasında gərgin mübarizə davam edir. Təbii ki, diqqətlərin Misli Premyer Liqasına və Azərbaycan Kubokuna yönəldiyi bir dövrdə Gənclər Liqasına maraq çox olmasa da, burada mübarizə aparan komandaların çıxışları, nəticələr futbola əlavə maraq qatır.

Turnirə maraq qatan əsas amil isə mövsüm sonunda çempion komandanın UEFA Gənclər Liqasında iştirak hüququ qazanmasıdır. Elə bu səbəbdən də sözügedən liqanı klub akademiyalarının güzgüsü adlandırmaq olar.

Artıq Liqada XX tur geridə qalıb. Turnir cədvəlinə son mövsümün çempionu "Qəbələ" rəhbərlik edir. Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv aktivinə 46 xal yazmağı bacarıb. 15 oyunda qələbəyə sevinibsə, bir görüşdə meydanı "sülh"lə tərk ediblər. Digər 2 görüşdə isə komanda məğlubiyyətlə üzləşib.

Siyahının 2-ci pilləsində "Neftçi" qərarlaşıb. Ötən mövsüm son turlarda çempionluğu əldən verən "ağ-qaralar" hazırda 44 xal toplamağı bacarıb. İlyas Qurbanovun komandasının aktivində 14 qələbə və 2 bərabərlik var. 2 görüşdə isə komanda meydanı məğlub tərk edib.

Turnir cədvəlinin ilk üçlüyünü isə "Sabah" kollektivi qapayır. İqor Ponomoryovun baş məşqçisi olduğu komanda bir oyun az keçirib və 17 görüşdə 37 xal toplayıb. Komanda rəqiblərini 12 dəfə üstələməyi bacarıbsa, 4 oyunda meydanı xalsız tərk edib. Yalnız bir görüşdə isə qalib müəyyənləşməyib.

Turnirin son pilləsində isə İCBFA komandası yer alıb. Komanda cari mövsümdə 5 xal toplamağı bacarıb.

Gənclər Liqasında bombardir 4-cü pillədə gedən "Səbail"dən 18 qol vuran İftixar İbrahimovdu. Onun ən yaxın izləyicisi hesabında 16 qol olan "Qəbələ"li Sənan Ağalarovdu. 

Onu da bildirək ki, bu liqada qış fasiləsi növbəti həftə bitəcək və fevralın 9-da III dövrəyə start veriləcək. 

 

XXIII TUR

Oyun

Tarix

Stadion

Nəticə

Turan Tovuz FK-Neftçi PFK

09.02.2023

Tovuz şəhər stadionu

 

 

Zirə PFK-Sumqayıt FK

09.02.2023

Ali Neft Akademiyasının stadionu

 

 

Kəpəz PFK-Sabah FK

09.02.2023

Gəncə şəhər stadionu

 

 

Şamaxı FK-Səbail FK

09.02.2023

 Binə stadionu

 

 

İCBFA-Qəbələ İK

09.02.2023

Abşeron OİK

 

 

 

 

KAMAL RZA