I Liqada çıxış edən "Qaradağ Lökbatan"nın yeni baş məşqçisi Amit Quluzadə Sport24.az-a müsahibə verib. Qəsəbə təmsilçisinin yeni çalışdırıcısı komandanın durumuna toxunub, qarşıya qoyulan məqsəddən söz açıb.

 

- "Qaradağ Lökbatan"a keçidiniz necə baş verdi?
- Məni komandaya Sadıq Sadıqov dəvət etdi. Sağ olsun güvəndi. Əlimdən gələni edəcəm ki, Sadıq müəllimin etimadını doğruldum. Komandanı qısa vaxtda toparlayıb, yüksək yerlər uğrunda oynamağı düşünürk.

 

- Heyəti siz yığmamısız. Bu sizin işinizi çətinləşdirməyəcək?
- Düzdür, transferləri mən etməmişəm. Futbolda belə hallar olur. Məşqçi hər zaman hazır olmalıdır. Təklifi qəbul etməmişdən əvvəl futbolçuları izləmişəm. Əksəriyyəti gənclərdir. Bir neçə dəfə söhbətimiz olub. İnanıram ki, tez bir zamanda durumu dəyişə biləcəyik.

 

- Mövsümə uğursuz start verən "Qaradağ Lökbatan"nın hədəfi nə olacaq?
- Öncə oyun planında inkişafa nail olmalıyıq. Milli komandalara görə yaranan fasilədə digər klublar istirahət edəndə biz etmədik. İşimizə davam etdik. "Qaradağ Lökbatan" ötən illərdə olduğu kimi yüksək yerlər uğrunda mübarizə aparacaq.

 

- Birinci Liqada əsas rəqib kimi görürsünüz?
- Çempionatda əsas favoritlər "Qəbələ", "İmişli" və "Karvan"dı. Mübarizəli liqa olduğu üçün heç bir komandanı zəif hesab etmirəm. Demək olar ki, güclər eynidir. Sadəcə dediyim klubların həyətlərində təcrübəli oyunçuları var. Buna görə bu üç komandanı favorit saymaq olar.

 

- Futbolçu karyeranız Azərbaycanda uğurlu alınmadı. Məşqçi karyeranızda bunu dəyişə biləcəksiniz?
- Futbolçu karyeram uğurlu alınmadığını deməzdim. "Neftçi"də çempion oldum, "Qəbələ"də oynadim, "Sumqayıt"dan Yunanıstan klubuna keçdim. Ola bilər istədiyim kimi alınmadı. Səkkiz ölkədə legioner həyatı yaşamışam, bir çox məşqçilərlə işləmişəm. Özümə görə futbol anlayışım var. Çalışıram bunu komandaya yansıdım.