"Bu fikirlə razılaşan çox adam olar. ABŞ-ın 4:1 hesablı qələbəsi təsadüf deyil. Son illərdə heyətin keyfiyyəti xeyli yüksəlib və komanda artıq yalnız fiziki gücə deyil, texniki və taktiki baxımdan da güclü futbolçulara malikdir". Bunu Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis dünya çempionatının ABŞ – Paraqvay (4:1) və Kanada – Bosniya və Herseqovina (1:1) qarşılaşmalarını şərh edib:
"Həm də komanda 3 top fərqi əldə etdi. Qrup mərhələsində belə başlanğıc komandanı çox rahatlaşdırır. Əgər ABŞ növbəti oyunda da xal qazansa, xüsusilə qələbə əldə etsə, qrupdan çıxmağı demək olar ki, təmin edəcək. 4:1-lik nəticə həm də rəqiblərə psixoloji mesajdır ki, ABŞ bu qrupun əsas favoritidir. Bununla belə, futbol sürprizlərlə zəngindir. Qrupdan çıxmaq üçün əsas iş görülüb, amma liderlik uğrunda mübarizədə növbəti oyunlar həlledici olacaq. Mən də bu mərhələdə ABŞ-ı qrupdan çıxmağa ən yaxın komanda hesab edərdim. Paraqvay üzərində belə inamlı qələbədən sonra onların ilk iki yerdən birini tutmaq şansı çox yüksək görünür. Kanada – Bosniya və Herseqovina matçı məncə qrupun ən balanslı oyunlarından biri oldu. 1:1 hesabı oyunun ümumi gedişinə uyğun nəticə kimi görünür. Bu qrupda hələlik heç bir komanda açıq favorit görünmür. ABŞ-ın olduğu qrupdan fərqli olaraq burada mübarizənin son tura qədər davam etməsi ehtimalı yüksəkdir".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.