"Nyukasl" "Mançester Siti"nin qapıçısı Ceyms Traffordla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

​Mənbənin sözlərinə görə, məhdud oyun praktikası Traffordun gələcəyi ilə bağlı sualları artırıb. Bundan istifadə etmək istəyən "Nyukasl" rəhbərliyi "Mançester Siti" ilə əlaqə saxlayaraq futbolçunu transfer etmək niyyətini qarşı tərəfə çatdırıb.

Tərəflər arasında hələlik rəsmi danışıqlar başlamayıb. Vəziyyəti çətinləşdirən əsas məqam isə Traffordun gələcəyi ilə bağlı qərarı dünya çempionatından qayıtdıqdan sonra vermək istəməsidir.

Qeyd edək ki, Ceyms Trafford "Mançester Siti" akademiyasının yetirməsidir. O, daha əvvəl "Akrinqton Stenli" və "Bolton"da icarə əsasında çıxış edib. 2023-cü ildə Premyer Liqaya yüksələn "Bernli"yə transfer olunan qapıçı burada iki mövsümdə 73 oyuna çıxaraq komandanın əsas qolkiperinə çevrilmişdi.