Braziliya millisinin hücumçusu Vinisius Junior dünya çempionatındakı əsas məqsədlərinin yalnız çempionluq olduğunu bildirib. Sport24.az xəbər verir ki, "Real"ın futbolçusu turnir öncəsi verdiyi açıqlamada komandasının hədəfini açıq şəkildə ifadə edib:
"Biz bura dünya çempionu olmaq üçün gəlmişik. Bundan başqa heç nə vacib deyil. Yeganə missiyamız budur", - deyə Vinisius vurğulayıb.
24 yaşlı futbolçu "Real"la yeni müqavilə imzalayıb-imzalamayacağı ilə bağlı sualı da cavablandırıb. O, hazırda bütün diqqətini Braziliya millisinə yönəltdiyini bildirib:
"Mən hazırda yalnız Braziliya millisinə köklənmişəm. Dünya çempionatı başa çatdıqdan və yeni mövsüm başlayandan sonra "Real"la bağlı məsələlərdən danışacağıq", - deyə Vinisius qeyd edib.
Qeyd edək ki, Vinisiusun Madrid təmsilçisi ilə müqaviləsinin uzadılması ilə bağlı son vaxtlar müxtəlif iddialar səsləndirilir.