Serbiyanın "Partizan" klubunun futbolçusu Nihad Mujakiçin "Qarabağ"a transferi baş tutmaya bilər. Sport24.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü olan müdafiəçinin "Partizan"dan ayrılacağı dəqiqləşmək üzrədir.

Lakin 28 yaşlı futbolçunun karyerasını Azərbaycanda deyil, Türkiyədə davam etdirəcəyi gözlənilir.

Bir müddət "Qarabağ"a keçəcəyi iddia olunan Mujakiç son anda qərarını dəyişib. Təcrübəli müdafiəçi Türkiyənin "Ərzurumspor" klubu ilə müqavilə imzalamağa yaxındır.

Mujakiç Türkiyə futboluna yaxşı bələddir. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qaziantep"də keçirib. Bundan əvvəl isə "Eyüpspor" və "Ankaragücü"nün də formasını geyinib.

Qeyd edək ki, son günlər Bosniya və Serbiya mətbuatında Nihad Mujakiçin "Qarabağ"a transfer olunacağı ilə bağlı xəbərlər geniş yayılmışdı. Lakin hazırkı vəziyyətə görə müdafiəçi karyerasını Türkiyədə davam etdirməyə üstünlük verir.