"Qarabağ"la yollarını ayıran qanalı futbolçu Emmanuel Addai İngiltərəyə yollanıb. Sport24.az xəbər verir ki, 24 yaşlı vinger hazırda Mançester şəhərindədir.
O, ötən gün Premyer Liqada keçirilən "Mançester Siti" – "Aston Villa" (1:2) qarşılaşmasını da stadiondan izləyib.
Bəs Addainin İngiltərəyə səfərinin əsas səbəbi nədir?
Redaksiyamıza daxil olan məlumata görə, hazırda azad agent statusu daşıyan afrikalı futbolçu transfer danışıqları aparmaq üçün bu ölkəyə gedib.
İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Hall Siti" və Çempionşipin bir neçə təmsilçisi Emmanuel Addai ilə maraqlanır.
Qeyd edək ki, 2024-cü ildə "Qarabağ"a transfer olunan vinger mayın 23-də klubdan ayrılıb. Ağdam təmsilçisi futbolçunu komandada saxlamaq istəsə də, daha yüksək maaş tələbi səbəbindən tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.