Misli Premyer Liqasının 26-cı turunda "Qarabağ" evdə "Karvan-Yevlax" üzərində 7:0 hesablı inamlı qələbə qazansa da, bu görüş komanda üçün tam itkisiz başa çatmayıb.
Sport24.az-ın məlumatına görə, Ağdam təmsilçisinin cinah müdafiəçisi Dani Bolt cəzalı duruma düşüb.

Braziliyalı futbolçu matçın 62-ci dəqiqəsində, tablo artıq 6:0-ı göstərdiyi anda sarı vərəqə ilə cəzalandırılıb.

Nəticədə cari mövsüm dörd "sarı" görən Bolt növbəti — 27-ci turda "Şamaxı" ilə səfər qarşılaşmasını buraxmalı olacaq. Halbuki, 28-ci turda "Qarabağ" çempionluq yolunda əsas rəqiblərindən sayılan "Sabah"la prinsipial oyuna çıxacaq.

Məsələnin maraqlı tərəfi məhz burada ortaya çıxır. Əgər Bolt bu matçda sarı vərəqə almasaydı və eyni hal "Şamaxı" ilə görüşdə yaşansaydı, o zaman braziliyalı müdafiəçi məhz "Sabah"la kritik qarşılaşmanı buraxmalı olacaqdı.


Qeyd edək ki, "Şamaxı" - "Qarabağ" oyunu aprelin 11-də, "Qarabağ" - "Sabah" görüşü isə aprelin 18-də baş tutacaq.