"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub. Sport24.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Joni Montiel "Qarabağ"ın sifariş vərəqinə daxil edilib.
İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının "Çelsi" ilə oyununda (2:2) xəsarət alan braziliyalı uzun müddətə heyətdən kənar qalacağı üçün onu Montiel əvəzləyib. 8-10 həftə heyətdən kənar qalacaq cənubi amerikalı 2025-ci ildə meydana çıxa bilməyəcək.
Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.
Qeyd edək ki, ilk 4 turda 7 xal toplayan "Qarabağ" növbəti oyununu səfərdə "Napoli"yə qarşı keçirəcək. Görüş noyabrın 25-də baş tutacaq.