"Qarabağ"ın heyətinə qatmaq istədiyi seneqallı hücumçu Sambou Soumano müştəriləri artır. Sport24.az "Africafoot" nəşrinə istinadən xəbər verir ki, İngiltərə Çempionşipdə çıxış edən "Bristol Siti" 25 yaşlı futbolçu ilə müqavilə imzalamaq istəyir.
Britaniyalılar forvardı razı salmaq üçün planlarını yekunlaşdırır.
Hazırda "Loryan"da çıxış edən afrikalı oyunçu bu vaxtadək Fransa Liqa 1-də 51 oyuna çıxıb, 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, Liqa 2-də 87 qarşılaşmada 28 qol və 5 assistin müəllifidir.
Nəşr bazar dəyəri 4 milyon avro olan Sambou Soumanonun ötən yay "Qarabağ"a keçməyə yaxın olduğunu yazıb. Lakin bu keçid transfer pəncərəsinin son günlərində baş tutmayıb.
Bildirilib ki, Ağdam klubunun hücumçunun xidmətlərində hələ də maraqlı olub-olmadığı məlum deyil.
Qeyd edək ki, Sambou Soumanonun klubu ilə müqaviləsi yayda bitir.