"Səbail" iki futbolçusunu əvəzedici komandaya göndərib. Bu haqda Sport24.az-a məlumat verən "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov qərarın legionerlərlə bağlı olduğunu açıqlayıb.

Belə ki, bunlar argentinalı mərkəz müdafiəçisi Fakundo Kardozoyla uqandalı mərkəz hücumçusu Luvaqqa Kizitodu: "Bu iki legioneri göndərmişik "dubl"a. Səbəbə gəlincə, bir şey deyim ki, futbolçu - fərqi yoxdu, legioner olsun, yoxsa yerli - özündən çox birinci komandanı fikirləşməlidi. Həmişə onlardan əsas istəyimiz bu olur ki, birinci komandanı fikirləşməliyik, sonra özümüzü. Ancaq olur futbolçularda fərqli düşüncələr ki, bəzən əsas özlərini fikirləşirlər. Ona görə bu cür nəticələrə gəlib çıxır. Bu baxımdan belə qərara aldım ki, əvəzedici getmələri lazımdı. Bir az orda qalsınlar".

"Səbail"də həmin mövqelərdə sıxıntılar var. Maraqıdı, boşluqları doldurmaq mümkün olacaqmı? Ümumiyyətlə, 49 yaşlı "Professor" "Səbail-2"ə göndərdiyi futbolçuların nə vaxtadək orda qalmalarını məqsədəuyğun sayır?: "Onsuz da Kizito bir müddət zədəli idi. Kiçik bir zədəsi vardı, onu yeni sağaldıb. Mərkəz müdafiəçi mövqeyinə baxacağıq, bir futbolçu tapacağıq. Oyunçumuz var. Ola bilər ki, növbəti matçadək göndərdiklərimizi qaytaraq, ola da bilər yox. Baxacağıq ki, əvəzedici heyətdə necə məşq edirlər, necə özlərini aparırlar. Nə zaman qayıdacaqları ilə bağlı qeyri-müəyyənlikdi. Nə vaxt qərar verəcəm, onda da qayıdacaqlar. Dəqiq, konkret vaxt yoxdu. Əvəzedici komandamızın baş məşqçisi (Asif Miirli-müəllif.) ilə həmişə əlaqədə oluruq. Əlbəttə, ona da demişəm, hər məşqdən sonra bu 2 legionerlə bağlı məlumat verəcək - biz məşqçilərə də, rəhbərliyə də".

Qurbanov hazırda yeni legioner transferini - sərbəst futbolçu gətirmələrini real saymır: "Axtarış eləmək olar.  Amma indiki zamanda özünüz də bilirsiniz ki, yaxşı futbolçu tapmaq çətin məsələdi. Buna görə yəqin, qışa kimi gözləyəsi olacağıq".

Xatırladaq ki, hazırda millimizin oyunları ilə əlaqədar Misli Premyer Liqasında fasiləyə məhz "Səbail"in matçıyla yekun vurulacaq. Bu, VIII turun açılış oyunu - sentyabrın 30-da "Qəbələ"ylə ev matçı olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV