Misli Premyer Liqasında IV turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, altı qarşılaşmada ümumilikdə 24 512 tamaşaçı qeydə alınıb.

"Qəbələ" – "İmişli" (2:1) matçını 1000, "Kəpəz" – "Şamaxı" (1:4) görüşünü 15 000, "Sabah" – "Zirə" (5:0) duelini 1752, "Neftçi" – "Şəfa" (4:1) oyununu 1460, "Turan Tovuz" – "Sumqayıt" (2:1) qarşılaşmasını 4200, "Qarabağ" – "Araz-Naxçıvan" (3:2) matçını isə 1100 azarkeş stadiondan izləyib.

Beləliklə, IV tur cari mövsüm üçün azarkeş sayına görə rekord göstərici ilə yadda qalıb.

24 512 tamaşaçının tribunaları doldurması həm də son illərin ən yüksək göstəricilərindən biridir.

Müqayisə üçün qeyd edək ki, sonuncu dəfə 2024-cü ildə 10 komandanın mübarizə apardığı çempionatda son turun bütün oyunlarında ümumilikdə 24 300 tamaşaçı qeydə alınmışdı. Bu dəfə isə Premyer Liqanın cəmi bir turunda həmin göstərici geridə qoyulub.

Xatırladaq ki, Misli Premyer Liqasında V tura sentyabrın 11-də start veriləcək.