"İdman prinsipinə əsas götürsək "Qəbələ" sonuncu olarsa, elitanı tərk etməlidi. Amma məsələyə gəlin başqa tərəfdən baxaq, bu gün onsuz da bölgələrdə klublar azdı. "Qəbələ" ən yaxşı bazası, infrastrukturu, stadionu olan klubdu. "Qırmızı-qaralar"ın da aşağı liqaya düşsə ölkə futbolunun inkişafına ciddi təsir edəcək. Avrokubokların qrupunda oynamış komandanın I Liqaya yuvarlanması heç də xoşagələn hal deyil. Fikrimcə "Qəbələ" elitada qalacaq". Bu sözləri Sport24.az-a açıqlamasında Veteranlar İttifaqının prezidenti Oqtay Abdullayev deyib.

 

"Demək istəyirsiz ki, çempionatda komanda sayı artacaq" sualına isə Abdullayevin reaksiyası belə olub: "Bəli, komanda sayı artacaq. Son günlər bu mövzuda söz-söhbət səngimir. Futbolumuzun inkişafını istəyiriksə, elita təmsilçilərin sayı artmalıdı. Baxın, bu gün U-17, U-19, U-21 yığmalarına cəlb etməyə futbolçu tapılmır. Klublarımız artsa, ən azından yerli futbolçularımız şans qazana bilər. İmkan daxilində bölgə komandalarını elitaya daşımalıyıq".

 

Qeyd edək ki, son günlər yeni mövsümdən Premyer Liqada komanda sayının artcağı ilə bağlı xəbərlər dolaşır. Söylənilənlərə inansaq, 2024/25 "futbol ili"ndə elitada 12 komanda çıxış edəcək.