Sabah Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Azərbaycanda canlı yayımlanacaq. Bu, keçən mərhələdə HİK-lə görüşlər kimi, "İdman TV" vasitəsilə olacaq.

Adıçəkilən telekanalın baş direktoru Rövşən Binnətli Sport24.az-a bu haqda məlumat verərək, qarşı tərəflə - Lyublyana klubuyla razılaşmanı əldə etdiklərini vurğulayıb. O, bundan sonra üzləşdikləri gözlənilməz vəziyyət haqda da ətraflı danışıb: "Klub nümayədələriylə əvvəldən söhbətimiz olmuşdu. Bu, çox səmimi şəkildə alındı, centlmensayağı bir anlaşmamız oldu. Bilirsiniz ki, belə yayımlarda barter üsuluna üstünlük verilir. Bu da sadə bir şeydi. Amma hansısa "dəllal" xarakterli kimsə atılır ortaya, nə məqsəd güdür, onu da anlamaq mümkün deyil. O, mənə qiymət oxuyacaq, sabah burdakı matçda da mən ona qiymət oxuyacam. Bu isə tərəflərin heç birini razı sala bilməz. Sonradan çıxıb ortaya külli miqdarda pul istəmək - bəli, bununla bağlı bizə müraciət olunmuşdu. Halbuki, klubda bu sahəyə cavabdeh olan insanlarla danışıqlar apararaq razılıq əldə edilmiş, heç bir problem də yaşanmamışdı. Lakin sanki ortaya atılan qüvvədi-nədi, belə bir ajiotaj yaradır. Bu, srağagündən yaranan məsələdi. İlk növbədə onu aydınlaşdırmaq istədik ki, sən kimsən? İlk dəfə belə bildirildi ki, bu, klubun oyunlarının yayım məslələrini əldə deyib. Çox gözəl, sən məndən ilk matça 10 istəyəcəksən, sabah da mən səndən 30 istəyəcəm. Onda bəs, necə olacaq? Dedi ki, hələ bilmək olmaz, ilk oyun olsun. Bu zaman soruşdum ki, "Olimpiya" "Qalatasaray"la ilk matçda evdə 0:3 uduzdu, cavab matçını yayımlamadınız? Əlbəttə ki, yayımladınız. Bakıdakı matçı yayımlamasan, azarkeşlərin qarşısında dayana biləcəksən? Burda açıq-aşkar görünürdü ki, bu məsələdə əsas olan pulu hər vasitəylə götürək, ödənişi edək, cavab matçı üçün də sözsüz, o qüvvələr aradan çıxacaqdı. Bu zaman klub da problemini məcbur qalacaqdı özü həll etməyə. Amma "Olimpiya" rəsmiləriylə razılıq əldə olunduğundan kənar qüvvəyə o qədər əhəmiyyət vermədik, çox detallara getmədik. Mövqeyim yalnız bundan ibarət oldu kiu, dediyiniz məbləğ tapılıb ödənəcək, amma cavab matçı üçün bizdən hər hansı sizə uyğun rəqəm gözləməyin. Onda biz də sizdən 2-3 qat artıq məbləğ istəyəcəyik. Bundan sonra təbii ki, məsələ daha səlahiyyyətli nümayədələrə qədər gedib çıxdı və yekunda əlbəttə, barter üsuluna üstünlük verildi. Bunun alternativ variantı da yoxdu".

Binnətli hazırda yayımın texniki məsələlərinin müzakirə edildiyini söyləyib: "Hazırda danışıqlar siqnalın internet, yaxud peyklə ötürülməsi üzərində gedir. Çox israr edirik ki, peyk ötürməsi olsun. Çünki biz də burdakı matçı yayımını peyk siqnalı ilə sizə çatdıraq. Bu, daha keyfiyyətli, daha etibarlıdı. İnşallah, hər hansı problemimiz yoxdu və futbolsevərlərimiz Sloveniyadakı matçı canlı izləmək fürsəti əldə edəcəklər".

Həmsöhbətimiz bu dəfə səfər matçının stadiondan şərh olunacağını da diqqətimizə çatdırıb: "İstedadlı, bacarıqlı şərhçilərimizdən olan Nurlan Hacıyev bu məqsədlə səfərə çıxıb. Sağ olsun "Qarabağ" rəhbərliyi, bu istəyimizi də müsbət qarşıladı və şərhçimiz komandayla birgə Sloveniyaya yollanıb. İnşallah, Hacıyev qarşılaşmanı keçiriləcəyi stadiondan şərh edəcək".

Xatırladaq ki, "Olimpiya" - "Qarabağ" matçı avqustun 24-də Lyublyanada "Stojitse" stadionunda Bakı vaxtilə saat 22:00-da keçiriləcək. 

 

 

MEHMAN SÜLEYMANOV