"İpsviç Taun"un baş məşqçisi Kiran Makkenna yayda klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, şimali irlandiyalı mütəxəssis "Fulhem"in baş məşqçi postuna əsas namizəd hesab olunur. London təmsilçisi komandanı tərk etməsi gözlənilən Marko Silvanı məhz Makkenna ilə əvəzləmək istəyir.
Məlumata görə, 40 yaşlı çalışdırıcı da "Fulhem"ə keçməyə müsbət yanaşır. Hazırda klub rəhbərliyi onun müqaviləsində yer alan 8 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyib-ödəməməyi dəyərləndirir.
İpsviç rəhbərliyi Makkennanı komandada saxlamaq istəsə də, sərbəstqalma bəndi işə düşərsə, buna mane ola bilməyəcək.
Qeyd edək ki, Kiran Makkenna 2021-ci ilin dekabrında "İpsviç"ə rəhbərlik etməyə başlayıb. O, komandanı qısa müddətdə toparlayaraq ardıcıl iki mövsüm yüksəlişə daşıyıb və klubu 22 illik fasilədən sonra Premyer Liqaya qaytarıb. Daha əvvəl Joze Mourinyo, Ole Qunnar Sulşer və Ralf Ranqnikin rəhbərliyi altında "Mançester Yunayted"in məşqçilər korpusunda çalışan mütəxəssisin yeni mövsümdən etibarən karyerasında növbəti addımı atacağı gözlənilir.