Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın kapitanı Kilian Mbappe barədə diqqətçəkən açıqlamalar verib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis "The Guardian" nəşrinə müsahibəsində ulduz futbolçunun 2026-cı il dünya çempionatındakı rolundan danışıb və onun mərkəz hücumçusu kimi oynadılmasına yönələn tənqidlərə sərt cavab verib.
Deşam Mbappenin həm meydanda, həm də meydandan kənarda əsl liderlik xüsusiyyətləri nümayiş etdirdiyini vurğulayıb:
"Kilian bizim kapitanımızdır. O, danışanda yalnız öz adından yox, bütün komanda yoldaşları adından danışdığını bilir. Liderlik məsuliyyətini həm meydanda, həm də paltardəyişmə otağında üzərinə götürür".
Fransız çalışdırıcı Mbappenin mərkəz hücumçusu mövqeyində çıxış etməsinin tamamilə doğru qərar olduğunu müdafiə edib:
"Əgər bu səhvdirsə, deməli, mən axmaq olmalıyam. Çünki Mbappeni son üç ildə çıxış etdiyi klublarda hücumun mərkəzində oynadan bir çox məşqçi olub. O, PSJ-dəki son mövsümündə və "Real"dakı son iki ilində əsasən mərkəz hücumçusu kimi çıxış edib".
Baş məşqçi həmçinin Fransa millisinin DÇ-2026-nın əsas favoritlərindən biri hesab edilməsini normal qarşıladığını vurğulayıb:
"Bu status qazandığımız uğurların məntiqi nəticəsidir. Bu günə qədər bu postda qalmağımın səbəbi Fransa millisinin çoxlu qələbələr qazanmasıdır".