"Millimizin Maltaya uduzması qəbuledilməzdir. Nə qədər desək də ki, bu, yoldaşlıq oyunu idi, belə rəqibə məğlub olmaq olmaz". Bu sözləri Sport24.az-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü və məşqçisi Mahmud Qurbanov deyib.
53 yaşlı veteran futbolçu yığmamızın Malta və San Marino ilə keçirilən yoldaşlıq oyunlarını şərh edib:
"Qol epizodlarımız kifayət qədər olsa da, futbolda əsas olan nəticədir və tarixdə də məhz nəticə qalır. San Marinoya qarşı daha böyük hesablı qələbə gözləyirdim. Düşünürdüm ki, Malta ilə oyunda dəyərləndirə bilmədiyimiz qol epizodlarının əvəzini bu görüşdə çıxacağıq. Lakin bu da baş vermədi. Ayxan Abbasovun fəaliyyətini indidən qiymətləndirmək düzgün olmaz. Ona müəyyən vaxt vermək lazımdır. Hazırda milli komandada yerli mütəxəssisin çalışması daha məqsədəuyğun görünür. İndi təkcə məşqçilər korpusu deyil, futbolçular da Millətlər Liqasının oyunlarına ciddi şəkildə hazırlaşmalıdırlar. Bu iki qarşılaşmadan düzgün nəticə çıxarmaq vacibdir. Qarşımızda D Liqasından C Liqasına yüksəlmək kimi mühüm hədəf var. Hamımız bilirik ki, millimizin bir çox futbolçusu öz klublarında kifayət qədər oyun praktikası qazanmır. Buna baxmayaraq, yığmada yaranan qol imkanlarını boşa vermək olmaz. Elə matçlar olur ki, komandanın cəmi bir-iki real qol epizodu yaranır və həmin məqamları dəyərləndirmək həlledici əhəmiyyət daşıyır. Futbolçular da oturub düşünməlidirlər ki, Millətlər Liqasında uğurlu çıxış etmək və qarşıya qoyulan məqsədə çatmaq üçün nəyi dəyişmək, hansı istiqamətlərdə daha çox çalışmaq lazımdır".
Qeyd edək ki, yığmamız ötən gün San Marinoya 2:1 hesabı ilə qalib gəlib. Bundan öncə isə, Azərbaycan millisi iyunun 5-də Maltaya qarşı ilk yoldaşlıq matçında 0:2 hesabı ilə uduzub.