İdmanda Zorakılığa Qarşı Komissiya (CSD) "Real"a 3001 avro məbləğində cərimə tətbiq edilməsini təklif edib. Sport24.az AS nəşrinə istinadən xəbər verir ki, bu sanksiya klubun "Sevilya" ilə oyun zamanı azarkeşlərin La Liqa prezidenti Xavyer Tebası tənqid edən plakatı stadiona gətirməsinə və nümayiş etdirməsinə icazə verməsi ilə əlaqədardır.
Hadisə oktyabrın 18-də "Santyaqo Bernabeu"da baş verib. "Real"ın azarkeşləri üzərində "Bu futbol deyil, bu, Tebas və Neqreyradır" yazılmış plakat açıblar. Bu ifadə, hakimlər komitəsinin keçmiş rəhbərinin də adının hallandığı korrupsiya qalmaqalına işarədir.
Komissiya bildirib ki, klub giriş-çıxışa nəzarət və tamaşaçıların idarə olunması məsələlərində nöqsanlara" yol verib. Belə ki, əvvəlcədən təsdiqlənməmiş böyük bir plakatın stadiona keçirilməsinin qarşısı alınmayıb. Həmin plakat tribunada üç dəfə nümayiş etdirilib.