Misli Premyer Liqasının IV turunda keçirilən "Sabah" – "Zirə" (5:0) matçından sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə qələbəni şərh etdi:

 

– Əvvəlcə oyunçularımı təbrik etmək istəyirəm. Onlar oyun planımızı möhtəşəm şəkildə icra etdilər. Matça çox yaxşı başladıq, 13 dəqiqə ərzində iki qol vurduq, təhlükəli epizodlar yaratdıq. Hücumda və pressinqdə çox aqressiv idik, lakin hesab 3:0 olduqdan sonra oyunçularımda bir qədər tələskənlik hiss olundu. Hər hücumu təkbaşına bitirməyə çalışırdılar. Buna baxmayaraq, komandanın ümumi çıxışından çox razıyam. Nəticəni tezliklə unudub növbəti matça köklənməliyik.

 

Dambrauskas ardınca jurnalistlərin suallarını cavablandırdı:

 

– Umarali Raxmonaliyev və Stiv Solvetin zədə durumu necədir?

 

– Hələ ki dəqiq məlumatımız yoxdur. Solvet MRT çəkdirmək üçün xəstəxanaya getdi, lakin zədəsi ciddi görünür.

 

– Bu taktiki plan yalnız "Zirə" üçün nəzərdə tutulmuşdu, yoxsa "Mançester Yunayted"lə matç üçün də hər hansı B planı var idi?

 

– Təbii ki, eyni planla "Old Trafford"a çıxa bilmərik. Öz kimliyimiz və hücum futbolu oynamaq xarakterimiz var, lakin qarşıdakı rəqibə qarşı tamamilə fərqli hazırlığımız və planımız olacaq.

 

– "Sabah" bu gün gələcək fondu yaratdığını açıqladı. Baş məşqçi olaraq bu təşəbbüsə münasibətiniz necədir?

 

– Belə bir addımın atılmasından qürur duyuram. Avropada təcrübəm olub ki, klublar bir il avrokubokda oynayıb müflisləşiblər. Əgər klubumuz qazandığı vəsaitlə uşaq futboluna və akademiyalara yatırım edirsə, bu, sadəcə "Sabah" üçün yox, bütün Azərbaycan futboluna edilmiş böyük investisiyadır.

 

– Start heyətində əsas oyunçulara şans verdiniz. Bu, "Zirə" matçının vacibliyi, yoxsa futbolçuları tonusda saxlamaq məqsədi daşıyırdı?

 

– Futbolçuların vəzifəsi yalnız məşq etmək deyil, həm də oynamaqdır. Komandamızda oyun keyfiyyəti heç vaxt düşmür. Qarşıda bizi 27 gün ərzində 8, daha sonra isə eyni müddətdə 15 oyunluq ağır bir qrafik gözləyir. Biz bu tempi qorumaq məcburiyyətindəyik.