Misli Premyer Liqasının IV turunda keçirilən "Sabah" – "Zirə" (5:0) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis ilk növbədə ağır məğlubiyyəti şərh etdi:
– Oyuna fəal başladıq. Topa nəzarət etməyə çalışırdıq və bu, pis də alınmırdı, lakin rəqib ilk hücumunda fərqləndi. Bir neçə dəqiqə keçdikdən sonra isə kobud səhvə yol verdik. Penaltidən sonra hesabı 2:0 etdilər. Belə halda oynamaq çətin oldu, amma futbolçular özlərində güc tapıb mübarizəni davam etdirdilər. Hesabın 5:0 olmasına baxmayaraq, oyunçuların göstərdiyi oyundan narazı deyiləm. Topa nəzarət bəzən onlarda, bəzən isə bizdə idi. Demək olar ki, bərabər səviyyədə mübarizə gedirdi. Qol epizodları yaratmaqda da eyni səviyyədə idik. Onlar 5-6 şansdan istifadə etdilər, bizim də 4-5 yaxşı epizodumuz oldu. Bu gün iki komanda arasında yeganə fərq bitiricilik idi. Müdafiədə buraxılan kobud səhvlər və son zərbələrdəki dəqiqsizlik nəticəyə təsir etdi. "Sabah"a qarşı daha hücuma meylli, açıq futbol oynamağa çalışdıq və oyun planında hər şey pis deyildi. "Sabah"ı layiqli qələbə münasibətilə təbrik edirəm. Onlara beş gündən sonra səfərdə keçirəcəkləri "Mançester Yunayted"lə matçda da uğurlar arzulayıram.
Rəşad Sadıqov ardınca jurnalistlərin suallarını cavablandırdı:
– İlk üç turdakı silsilə qələbələrdən sonra lider olmaq futbolçularda arxayınçılıq yarada bilərdi?
– Xeyr, bunu heç hiss etmədim. İndi soyunub-geyinmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışınızdan və mübarizənizdən narazı qalmadım. Yeganə problem ikinci və üçüncü qollarda buraxdığımız sadə səhvlər və dəyərləndirilməyən epizodlar idi. "Sabah"ın gücü hamıya bəllidir, amma buna baxmayaraq oyunçular meydanda özlərini yaxşı göstərdilər. Hesab 5:0 olsa belə, bu matçdan pozitiv enerji ilə ayrılıram. Lazımi nəticəni çıxarıb, səhvlər üzərində işləyərək daha güclü qayıdacağıq.