"Komandada nə baş verdiyini bilmirəm". Bu sözləri Sport24.az-a "Neftçi"nin sabiq futbolçusu Branimir Subaşiç deyib.
43 yaşlı keçmiş hücumçu "ağ-qaralar"ın mövsümün ilk dörd rəsmi oyununda qələbə qazana bilməməsi ilə bağlı danışıb:
"Bu yaxınlarda, gələn həftə kluba baş çəkmək, komandanı ziyarət etmək istəyirəm. Çempionat matçına da getmək niyyətindəyəm. Ümid edirəm ki, hər şey tezliklə düzələcək və komanda yaxşı nəticələr qazanacaq".
Azərbaycan millisinin keçmiş üzvü "bəlkə problem baş məşqçidədir" sualını bu cür cavablandırıb:
"Bunu demək bir az çətindir. Əslində, o, baş məşqçi kimi bir dəfə çempionluq qazanıb. Bunu bacara bildiyini sübut edib. Lakin oyunçu seçimi də önəmlidir. Əgər bunu o edibsə, deməli məsuliyyət daşıyır. Amma nəzərə almalıyıq ki, hələ çempionatın əvvəlidir".
Qeyd edək ki, "Neftçi" 4 turdan sonra 3 xalla 10-cu pillədə qərarlaşıb.