Misli Premyer Liqasının V turunda evdə "Neftçi"yə 2:3 hesabı ilə uduzan "İmişli"nin baş məşqçisi Fərid Namazov matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, gənc mütəxəssis oyun haqqında fikirlərini bölüşdü.

 

– "Neftçi" son 4 turda 3 qələbə qazanmışdı və hər il olduğu kimi çempionluğa oynayır. Rəqibin ilk 15–20 dəqiqədə böyük təzyiq quracağını və tez qol vurmaq istəyəcəyini bilirdik. Məqsədimiz həmin təzyiqi dəf edib öz oyunumuzu oynamaq idi. Təəssüf ki, start təxmin etdiyimiz kimi alınmadı və ard-arda iki qol buraxdıq, qapımız qarşısında çoxlu epizod verdik. Ondan sonra taktiki dəyişikliyə getdik. Meydandakı düzülüşü 4-2-3-1-dən 5-4-1 sisteminə keçirdik. Vingerlərin müdafiəyə köməyinə baxmayaraq, həmin mövqeyə rəsmi olaraq oyunçu yerləşdirəndən sonra komanda daha yaxşı təsir bağışladı. Şükürlər olsun ki, tez toparlana bildik. Bəxtiyar Həsənalızadənin standart vəziyyətdən vurduğu qol və ardından qazanılan penalti sayəsində fasiləyə 2:2 bərabərliklə yollandıq. İlk hissədə rəqibin üstünlüyünü tarazlaşdırmağa çalışsaq da, "Neftçi" daha dominant futbol oynayırdı. Bizim də planımız ikinci nömrə kimi çıxış edib, sürətli əks-hücumlarla üstünlük əldə etmək idi.

 

Namazov ardınca jurnalistlərin suallarını cavablandırdı:

 

– Yusif İmanovun ehtiyatda qalması mətbuatda yazıldığı kimi komandadakı daxili problem və psixoloji gərginliklə bağlıdır, yoxsa sadəcə performansla?

 

– Xeyr, bunun daxili gərginliklə və ya göstərdiyi oyunla heç bir əlaqəsi yoxdur. Heyətimizdə iki gənc qapıçı var; biri A milliyə namizəddir, digəri isə U-21-in əsas qolkiperidir. İkisi ilə də müqavilə bağlayanda planımız mövsüm ərzində rotasiyaya getmək və hər ikisini tonusda saxlamaq idi. Sadiq Məmmədzadəyə də şans verməyi planlaşdırırdıq. Nəinki qapıda, digər mövqelərdə də bu cür dəyişikliklərə əl atırıq. Məsələn, bu gün Bəxtiyara da istirahət vermək istəyirdik, lakin məcburiyyətdən oynatdıq. Bu, tamamilə rotasiya addımı idi və Sadiq də ona bəslənən ümidləri doğrultdu.

 

– Vüsal Qənbərovun heyətdə yer almaması nə ilə bağlıdır?

 

– Vüsal Qənbərov artıq "Şəfa" ilə anlaşıb və karyerasını orada davam etdirəcək. Açığı, mövsümün başlanğıcından ona təkliflər var idi. Həmin klubun təqdim etdiyi şərtlər daha cazibədar olduğu üçün tərəflər arasında razılıq əldə olundu. Vüsal özü də keçid üçün xahiş etmişdi. Bundan sonra o, "Şəfa"nın şərəfini qoruyacaq.