"Neftçi"nin baş icraçı direktoru Cenk Sümer "Qarabağ"a qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 

- Təxirə salınmış matçda rəqibi 2:1 hesabı ilə üstələdiniz. Oyun haqqında fikirləriniz necədir?

 

- Qalib gəldiyimiz üçün xoşbəxtik. Önəmli qələbə oldu. Həftəsonu bizim üçün çətin keçmişdi. Fanatlarımızın qarşısında böyük hesabla uduzmaq çox pisdir. Qısa zamanda toparlanmaq, oyunçuları motivasiya etmək asan başa gəlmir. Hamı "Neftçi"nin adına yaraşan davranışı göstərə bildi. Son dəqiqəyə kimi mübarizəyə davam etdilər, istədikləri nəticəyə nail oldular. "Neftçi"nin DNA-sında mübarizə aparmaq, döyüşmək var. Bunları da qaydalar çərçivəsində etdik. Azarkeşlərimizə minnətdaram. Sonadək dəstək oldular. Onların da cəfalarını bilirik. "Neftçi" bir ailədir. "Neftçi"nin layiq olduğu yerə tez zamanda çıxacağıq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bunu bacaracağıq. Bu komanda əlindən gələni artıqlaması ilə ortaya qoyur. Alqışlara layiqdirlər. Məşqçilər heyətinə xüsusi təşəkkür edirəm. Bu mövsüm bizi yenidən mübarizədə saxladılar. Bu, onlar üçün vacib iş idi. 

 

- "Neftçi" "Qarabağ"ı 18 oyundur ki, məğlub edə bilmirdi. Futbolçular bundan xəbərdar idi?

- İndi informasiya dövrüdür. Hər kəs bütün məlumatları əldə edə bilir. Hamısı da peşəkar futbolçulardır. Ölkə xaricindən gəlsələr də, "Neftçi"nin necə komanda olduğunu bilirlər. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Haqqımız olan nəticəni də aldıq. Bu, başlanğıcdır. Son iki ildə "Neftçi"ni yenidən zirvəyə qaldırmaq üçün yenilənməyə başladıq. Bunun nəticələrini qarşıdakı dönəmlərdə alacağımıza əminəm. 

 

- Son matçlarınızda çox azarkeş olur…

 - Biz azarkeşlərimizi hər zaman onlara doğma olan stadionda qəbul etməyə hazırıq. İnanıram ki, komandaya daha çox dəstək olacaqlar. Bugünkü matç həftəiçi baş tutdu. Buna baxmayaraq ciddi fanat kütləsi var idi. Bu bizim üçün çox önəmlidir. Hər zaman bizi dəstəkləyirlər. 

 

- Avrokuboklara vəsiqə qazanmağınız öz əlinizdə deyil. Bu barədə nə deyə bilərsiniz? 

- Biz avrokuboklara vəsiqə qazanacağımıza inanırıq. Azərbaycan Kubokunda layiq olan tərəf titua sahib çıxsın. "Neftçi"nin yeri Avropadır. Sadəcə, bu mövsüm yox. Həz zaman belə olmalıdır. Azərbaycanı layiqli şəkildə avrokuboklarda təmsil edən komanda quracağıq. Qurduğumuz komandanı təkmilləşdirəcəyik. 

 

- Mətbuatda Abubakarla bağlı söz-söhbətlər dolaşır. Onunla bağlı problem var?

- Onunla hər hansı problemimiz yoxdur. Peşəkar futbolçudur. Hazırda zədəlidir. Dizində problem var. Bir həftə sonra sıraya dönəcək.