"Neftçi"nin kapitanı Emin Mahmudov Misli Premyer Liqasının 21 turundan təxirə salınmış "Qarabağ"la oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sport24.az həmin müsahibəni təqdim edir…

- "Qarabağ"a qalib gəldiniz. Oyun haqqında fikirlərin necədir?
- "Qarabağ"a 5:1 hesabı ilə uduzmuşduq. Ondan sonra komanda toparlandı. Sistemi və düşüncəmizi dəyişdik. Bilirdik ki, onlara qarşı daha rahat oynaya bilərik. Azarkeşlərimiz dəstəyinə görə bu matçda yaxşı nəticə qazanmaq istəyirdik. Fanatlar möhtəşəm idi. Çox mübarizə aparırdıq, çalışırdıq. Daha yaxşı əks hücumlara çıxa bilərdik.

- Əvvəlki matçda elə məğlubiyyətə nə səbəb oldu?
- Futboldur. Nəticələri bilmək olmur. Beş ildir "Qarabağ"a qalib gələ bilmirdik. Bu dəfə fərqli sistemlə oynadıq. Bəlkə də əvvəlki görüşün əvvəlində qollar vursaydıq, nəticə fərqli olardı. Qol imkanlarımız da var idi. Daha yaxşı ola bilərdi. "Qarabağ"a qarşı açıq futbol oynamaq bir az çətindir. Həmin vaxt buna hazır olmadıq. Amma son matçda yaxşı nəticəyə nail olduq.

- Beş il əvvəlki qalibiyyətdə sən də meydanda idin. Hisslərin necədir?
- Qələbə qazanmağı çox istəyirdik. Əsas odur ki, tilsimi qıra bildik.

- Dördüncü yeri tutsanız da, avrokuboklarda kənarda qala bilərsiniz…
- Avrokuboklara getməyimiz "Sabah" komandasındab asılıdır. Amma qarşıda dörd tur var. Biz öz matçlarımızda qələbə qazanmalıyıq.

- Bu gün siz qələbə qazandınız. "Sabah" çempionluğu rəsmiləşdirdi…
- Onları çempionluq münasibəti ilə təbrik edirən. Kuboku da götürsələr, yaxşı olardı. Bu mövsüm inanılmaz futbol göstərdilər. Çempionluğa layiq idilər. Çünki dörd tur qalmış çempionluğu rəsmiləşdirmək çox çətindir. Bunu bacardılar.

- Qarşıdakı dörd turda rəqiblərinizdən biri də "Sabah"dır. Sizi daha çətin komandalarla oyun gözləyir. Bu barədə nə deyə bilərsən?
- İlk növbədə növbəti turda "Karvan-Yevlax"a qalib gəlmək lazımdır. Son matçlarda hamıya başağrısı olurlar. Yevlaxdakı stadionda oynamaq da çətindir. İlk olaraq orada qalib gəlməli, daha sonra növbəti qarşılaşmaları düşünməliyik.