Bu gün "Neftçi"nin Müşahidə Şurasının (MŞ) iclası keçirilib. Bu haqda Sport24.az-a həmin qurumun üzvü Səməd Qurbanov məlumat verib. Onun sözlərinə görə, MŞ-nin sədri Çingiz Abdullayevin sədrliyi ilə keçirilən iclasda klubun prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov və baş məşqçi Samir Abasov da iştirak ediblər.

Qurbanov təmsil etdiyi qurumun iclaslarının adətən 3 aydan bir olduğunu və indiki məqamda əsas müzakirə mövzusunun təbii ki, hazırkı çempionun son turlarda uğursuz çıxışının olduğunu söyləyib: "Komandamızın son 3 oyunda uduzması böyük ajiotaj yaratmışdı. Şuramızın rəhbərliyi ilə qərara gəldik ki, yığışaq, görək problem nədi. Gözəl iclas da keçdi. Baş məşqçimiz Samir Abasov çıxış elədi, ona tövsiyyələr verildi. Müddət verildi ki, komandanı toparlasın. Abbasov da söz verdi ki, Allahın köməyilə gələcək oyunda göstərəcək "Neftçi"nin gücünü, düz yolda olduğunu. İnşallah, hər şey yaxşı olacaq". 

"Neftçi"nin tarixində ən yaxşı futbolçulardan, hücumçulardan olmuş 68 yaşlı Qurbanovla müsahibəmizlə az sonra saytımızda tanış ola bilərsiniz. 

 

 

MEHMAN SÜLEYMANOV