"Neftçi"nin zədəli futbolçusu Namiq Ələsgərov əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurla başa çatdığı bildirilir.  Bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında deyib. Onun sözlərinə görə, üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb: "Namiqin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək".

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində "Olimpiakos" - "Neftçi" görüşünün (1:0) 43-cü dəqiqəsində rəqib futbolçusu Medi Kamara Namiqə qarşı kobud oynayıb. Nəticədə burnundən zədə alan "Neftçi"nin bombardiri meydanı qan içində tərk edib. Daha sonra Ələsgərovun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.