Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu əsaslı təmir olunacaq. Bu haqda Sport24.az-a bu şəhərin Region Liqasında təmsilçisi olan "Energetik"in prezidenti Ruslan Həmidov məlumat verib.
O, bu işlərə yayda başlanacağını söyləyib: "İyul ayında Mingəçevirdəki stadionda böyük işlər görüləcək. Süni ot örtüklü meydança quraşdırılacaq ki, bu da məşq üçün olacaq. Əsas meydançamızda isə təbii ötdan ibarət qazon salınacaq. Paltardəyişmə otaqları və tribunalar yüksək səviyyədə təmir olunacaq. İyulda bunlar hamısı həll ediləcək. Əsas meydança düzələnə kimi süni meydançadan istifadə edəcəyik, onu bizə tez təhvil verəcəklər. Plan belədi ki, komanda olaraq köçəcəyik sintetik meydançaya, orda məşq edəcəyik, təbii qazon həll olunadan sonra qayıdacağıq ora. Boş qalmayacağıq, təmir gedə-gedə komanda olacaq, öz stadionunda hazırlaşacaq".
Təbii ki, bu işlər böyük xərc tələb edir. Həmidov bunu kimin həyata kecirəcəyinə də aydınlıq gətirib: "Stadionun təmirini sağ olsun icra başçımız İlham müəllim (İlham İsmayılov-müəllif.) öz üzərinə götürüb ki, bunu edəcəyik".
Onu da bildirək ki, Mingəçevir stadionu 1953-cü ildə inşa olunaraq 5 min tamaşaçı tutumuna malikdi. O, son dəfə 2010-cu ildə əsaslı təmir olunub.
Xatırladaq ki, aprelin 29-da AFFA-nın İcraiyyə Komitəsinin qərarıyla Mingəçevir yeni mövsündə I Divizionda təmsil olunacaq. Bu, şəhərin eyniadlı klubu - "Mingəçevir"lə olacaq.
MEHMAN SÜLEYMANOV