RƏŞAD QASIMOV


Millinin dünən baş tutan İsveçə qarşı oyunu heç də birmənalı qarşılanmadı. Bəziləri Fernandu Santuşun komandasının zəif oynadığını, müəyyən qism isə məğlub olmasına baxmayaraq, yığmanın pis təsir bağışlamadığını bildirir. Bəs kim haqlıdı?

Bu suala birmənalı cavab vermək heç də asan deyil. Məsələyə "tarixdə nəticə qalır" prizmasından yanaşanları 90 dəqiqənin yekununa əsasən haqlı saymaq olar. İndi durub desəm ki, komanda hücum etməyi bacardığını göstərdi, Ramil Şeydayev penaltidən yararlana, ilk yarıda Renat Dadaşov qapıçı meydançasından başla "çərçivə"ni dəqiq nişan ala bilmədi, iki zərbəmiz tirdən və dirəkdən qayıtdı, nə dəyişəcək? Komandanın sərgilədiyi oyundan narazı qalanlar sual edər ki, sonda 3 xal hansı komandanın aktivinə yazıldı? Onda nə cavab verərərəm?

Açığı, özüm nəticədən narazı, oyundan isə razı qalanlar arasındayam. Mənə görə, milli oyun planında aqressiv, rəqibdən çəkinməyən, sonadək mübarizə aparan kollektiv təsiri bağışladı. Ancaq çatışmazlıqlar da yetərincədi ki, məncə, Santuş bir məşqlə onların hamısını aradan qaldıra biləcək qədər futbol sehrbazı deyil. İlk növbədə portuqaliyalı məşqçi futbolçuların xarakterinə bələd deyil ki, bu nüans nəinki futbolda, bütün kollektiv idman növlərində çox vacib amildi. O, hələ bilmir ki, topu Emin Mahmudovun əlindən zorla alıb penaltini vurmaq istəyən, yekunda real qol şansını qaçıran Ramil Şeydayev üçün heç bir mənəvi dəyərlər keçərli deyil. Əks halda Şeydayev istər klubda, istərsə də yığmada kapitanı olan, yaşca özündən böyük və daha təcrübəli Eminə qarşı yumşaq desək, bu cür hörmətsizlik etməzdi. Ramil yaxşı bilirdi ki, kapitan penaltini qola çevirəcəyi halda "millinin tarixində ən çox qol vuran futbolçu" adına sahib çıxacaqdı. Portuqaliyalı mütəxəssis onu da bilmir ki, Mahmudov xaraktercə zəifdi, kapitan komandanı arxasınca apara biləcək liderlik qabiliyyətinə malik deyil. Ramilin oyun intizamına riayət etmədiyini Santuş özü də matçdan sonra keçirilən mətbuat konfransında "oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim" söyləməklə, bir növ etriaf etmiş oldu. Odur ki, Slovakiya ilə oyunda Şeydayev ehtiyat oyunçular skamyasında olsa heç kim təəccüblənməsin. Olmasa? Onda elə Santuş da Emin Mahmudov qədər xaraktersiz biridi. Portuqaliyanı Avropa çempionluğuna daşıyan mütəxəssis bir neçə gün öncə keçirdiyi mətbuat konfransında "mənim üçün ulduz futbolçu anlayışı yoxdu" deməklə, yığmada yalnız özünün söz sahibi olduğunu bildirmişdi. 69 yaşlı mütəxəssisin ayın 8-də sözünün ağası olub-olmamasına aydınlıq gətirmək şansı olacaq.

Millinin oyununda daha bir çatışmazlıq, daha dəqiq desəm, problem, müdafiə ilə bağlıdı. İsveçlə matçda nə Bədavi Hüseynov, nə Bəhlul Mustafazadə özünü yaxşı tərəfdən göstərə bildi. Stopperlər topu cərimə meydançasından uzaqlaşdırmaq istəyərkən əksər hallarda səhvə yol verir, topu rəqibə "hədiyyə" edirdilər. Müdafiənin cinahında yer alan Abbas Hüseynovla Elvin Cəfərquliyev hücuma aludə olduqlarından çox vaxt cinahlarını boş qoyurdular ki, bu da isveçlilərin işinə yarayırdı. Bədavi hər nə qədər təcrübəli olsa da, əvvəlkitək cəld və sürətli deyil ki, dünən dubl edən İsak Anderson bunu əyani sübut etdi. Heç şübhəsiz ki, təcrübəli Santuş da bunları gördü, buraxılan səhvləri özündə qeyd etdi.

Milli hələ yeni yolun başlanğıcındadı. İnanaq və ümid edək ki, qarşıdakı oyunlarda qeyd etdiyimiz nöqsanlar aradan qalxacaq, komanda üzvləri Şeydayev kimi özbaşnalıq edib məşqçinin tapşırığını qulaqardına vurmayacaq. İntizam olmayan yerdə isə nə nəticə olur, nə də mehriban kollektiv.