Misli Premyer Liqasında heyətində iki legioner qapıçı olan yeganə klub "Turan Tovuz"dur. Sport24.az xəbər verir ki, Qərb təmsilçisinin iştirak ərizəsində rusiyalı Aleksey Kenyaykin və Oleq Baklov yer alıb.
Kenyaykin çempionatın bütün oyunlarında "Turan Tovuz"un qapısını qoruyub. Baklov isə ehtiyat qapıçı funksiyasını yerinə yetirir.
Düzdür, Premyer Liqamızda əcnəbi qapıçılara şans verən təkcə "Turan Tovuz" deyil. Lakin hazırda iştirak ərizəsində iki legioner qolkiper saxlayan məhz bu komandadır.
Çempionatımızda legioner limiti ləğv edilib. Bununla belə, əcnəbi futbolçulara görə AFFA-ya rüsum ödənilir. "Turan Tovuz"un hazırda Peşəkar Futbol Liqasının iştirak ərizəsində 17 legioneri var. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, 16 və ya daha çox legioner üçün əlavə olaraq 200 min manat ödənilməlidir.
Belə olan halda sual yaranır: ehtiyatda oturacaq azərbaycanlı qapıçı tapmaq doğrudanmı bu qədər çətindir?