AFFA-nın layihəsi olan Region Liqasında bu mövsüm Şəki artıq iki komandayla təmsil olunur. Belə ki, Şəkinin eyniadlı təmsilçisi ilə yanaşı, "Marxal-Şəki" də çıxış edir və pley-offa çıxan məhz o oldu. Klubun prezidenti Elgün Hüseynov Sport24.az-a müsahibəsində bir sıra mətləblərdən danışıb.
- Region Liqasının debütantısınız. Bununla bağlı təəssüratlarınızı bölüşərdiniz...
- Region Liqası yaranandan Şəki burda təmsil olunur. Bu il iki komanda çıxış edir. Təəssüratımız yaxşıdı. Region Liqasına daha peşəkara yaxın komanda çıxarmağa qərar verdik. Artıq ilk nətocəmiz də var, qrupdan da çıxmışıq.
- "Marxal-Şəki" adının tarixçəsi...
- Əslində, adımız "Şəki Siti"dir. "Marxal"ı dəyişmək istəyirik. Sadəcə, buna gec qərar verdik. Artıq Region Liqası başlamışdı deyə dəyişmək mümkün olmadı. Gələn mövsüm Divizion və ya Region Liqasında "Şəki Siti" adı ilə çıxış edəcəyik.
- Niyə "Marxal" yox, "Şəki Siti"? Hər halda "Marxal" da pis səslənmir və bu bölgənin tanınan yeridir..
- Düzdür, elədir. Qızlardan ibarət futbol komandamız da var. Ən birinci 2018-ci ildə qız komandası ilə iştirak etmişəm. Həmin vaxtı "Marxal"la tərəfdaşlığımız vardı. Daha sonra pandemiya oldu, hazırda isə Marxalla tərəfdaşlığımız yoxdu. Bu səbəbdən adımızda saxlamağa lüzum yoxdu.
- Qrupdan çıxmağı gözləyirdiniz?
- İkinci yerlə daha çox qol vurduğumuz üçün çıxdıq. "Karvan"la Yevlaxdakı matçda problemlərimiz oldu. Bu səbəbdən ikinci olduq. Kifayət qədər güclü komandamız var. Mövsüm başlayanda hədəfimiz çempionluq idi və yolumuza davam edirik.
- Pley-offda rəqibinizlə bağlı nə düşünürsünüz?
- "Qobustan"ı istəyirdik və bu da oldu. Düşünürəm ki, cənub zonasındakılar daha güclüdü. Şəkidə güclü futbol olmasa da, bizdə bu, var. Niyə digər bölgələrə futbol qayıdır, Şəkiyə yox? Bunu göstərmək üçün yarışa qatıldıq. Bizdə də peşəkar komanda olsun. Şəki böyük şəhərdir. Məncə, ən azından Divizionda oynaya bilərik.
- Peşəkar komanda üçün infrastruktur, maddi büdcə tələb olunur. Bunlar hansı səviyyədədir?
- Digər komandaların heç birinin maddi büdcəsi yoxdu. Təbii ki, adı Divizionla hallanan və ora hazırlaşan komandalar istisnadı. Bizdə azarkeşlər daha çox olur və bilet alırlar. 2008-ci ildə stadionun ot örtüyü dəyişib. Düşünürəm ki, ən yaxşı mənzərəsi olan stadion bizdədi. Ot örtüyü problemimiz var. Bununla bağlı gənclər və idman man naziri Fərid Qayıbovla görüşmüşəm. Ot örtüyünün dəyişdirilməsi ilə bağlı söhbətimiz olub. O, vəd verib.
- Gələcəkdə daha da irəli getmək üçün sponsor cəlb edə biləcəksiniz?
- Düşünürəm ki, Region Liqasında ən çox sponsorla təmsil olunan komandalarımızdan biriyik. Formalarımızda da bunlar öz yerini alıb. 5-6 sponsorumuz var. Az-az da olsa, cəlb etmək olur. Düzgün marketinq təklif edildikdə, alınır. Biz də komandanı bu cür ayaqda saxlamaq istəyirik. Düşünürəm ki, Divizionda olsaq, sponsorlarımız artar. Bununla bağlı iş adamları ilə görüşlərimiz olub.
- Bəs, bu mövsüm qarşınıza qoyulan hədəf nədir? Və reallıq olaraq özünüzü harda görürsünüz?
- Qeyd etdiyim kimi, çempionluq üçün oynayırıq. Təcrübəsi böyük olan komandalarla da mübarizə apara bilərik. Çünki komanda olaraq yeni ad olsaq da, təcrübəli oyunçularımız var. Yaxşı futbolçulara malikik. Üstəlik, minifutboldan da oyunçular cəlb etmişik.
MEHMAN SÜLEYMANOV