Sport24.az saytı bu ildən yeni rubrikayla - "Matçın qəhrəmanı"ıyla (Man of the match) görüşünüzə gəlib. Premyer Liqamızda hər matça ayrılıqda nəzər salaraq, onun qəhrəmanını seçirik. Bu dəfə XVI turdakı qarşılaşmalara bir-biri nəzər salacağıq.
"Səbail" - "Sabah" - 2:1: Matçın qəhrəmanı - Amil Yunanov ("Səbail")
"Səbail" cari çempionatda bombardiri olan Rauf Əliyevin xidmətindən məhrum idi. Bu da təcrübəli hücumçunun 4-cü sarı vərəqə alaraq cəzalı olmasıyla bağlı oldu. Ancaq əsas "vuran ayağın" yoxluğu heç hiss olunmadı. Çünki Raufu hücunun sivri ucunda əvəzləyən Amil Yunnaov hər hissədə 1 qol vuraraq, dubluyla komandaya bu il çempionatda ilk qələbəni qazandırdı.
"Sumqayıt" - "Qarabağ": Matçın qəhrəmanı - Mehdi Cənnətov ("Sumqayıt")
"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov. "Qarabağ"la ikinci dövrədə "Azərsun Arena"dakı matçda zədəyə görə uzun fasilədən sonra əsas heyətə qayıtsa da, çıxışı uğursuz alınmışdı və 1:6 hesablı məğlubiyyətin əsas səbəbkarlarından olmuşdu. Ancaq bu dəfə Mehdi necə deyərlər, əsl "Mixaylo" olaraq rəqibləri üçün kabusa çevrildi.
"Keşlə" - "Zirə" - 2:2: Matçın qəhrəmanı - Ağabala Ramazanov ("Zirə")
"Zirə"nin kapitanı Ağabala Ramazanov bu ilk ilk dəfə əsas heyətdə meydana daxil oldu və yaxşı oyunuyla yadda qaldı. Hər iki qolda da sol cinah yarımmüdafiəçisinin birbaşa rolu oldu. Əvvəlcəı Ağabalanın yerinə yetirdiyi cərimə zərbəsindən sonra "Zirə" hesabı açdı. Oyun ərzində komanda yoldaşlarına bir neçə dəfə zərbə mövqeyinə çıxaran Ramazanov sonda Davit Volkovu qapıçıyla təkbətək çıxaraq, onun fərqlənməsinə və 10 nəfərlə qalan komandasının xal qoparmasına imkan yaratdı.
"Neftçi" - "Qəbələ": Turun qəhrəmanı - Emin Mahmudov ("Neftçi")
Tura yekun vuran matçın qəhrəmanı başqası ola bilməz. Hər halda, məhz "Neftçi"nin kapitanı Emin Mahmudov son saniyələrdə qələbə topuna imza ataraq, komandasına hava-su kimi lazım olan qələbəni gətirdi.