"Liverpul"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisterin gələcəyi ilə bağlı yeni açıqlama verilib. Sport24.az xəbər verir ki, futbolçunun atası və meneceri Karlos Mak Allister bildirib ki, İngiltərə klubu onunla yeni müqavilə ilə bağlı hələ əlaqə saxlamayıb:
"Hazırda qüvvədə olan müqaviləmiz var və biz həm ona, həm də "Liverpul"a sadiqik. Klub müqaviləni yeniləməyi təklif etməsə, bu, onların qərarıdır. Aleksis isə hər oyunda komanda üçün əlindən gələni etməlidir".
Karlos Mak Allister oğlunun müqavilənin uzadılmamasından narazı olmadığını da vurğulayıb:
"Aleksis məyus deyil. Bu, klubun qərarıdır və biz onların qərarlarını mühakimə etmirik. Nə olursa olsun, biz hazırlaşırıq".
Bundan başqa, argentinalı futbolçunun atasından "Real"ın Aleksis Mak Allisterə marağı barədə də soruşulub. O, Madrid klubundan indiyədək heç bir təklif və ya əlaqə olmadığını açıqlayıb:
"Realdan Aleksisin karyerası ərzində bizimlə heç kim əlaqə saxlamayıb".
Qeyd edək ki, 27 yaşlı Aleksis Mak Allisterin "Liverpul"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.