"Qarabağ"ın və millimizin futbolçusu Mahir Emrelinin adı Polşanın "Legiya" klubu ətrafında hallanmaqda davam edir. Bu ölkənin "Meczyki" nəşri millimizin 24 yaşlı hücumçumuzun yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacağını iddia edir. Hətta hazırda 1-ci pillədə gedən bu paytaxt klubunun Mahirə 3 illik müqavilə təklif etdiyi, futbolçumuzun müqavilə bağlanacağı təqdirdə illik 300 min avro maaş alacağı yazılıb.
Məsələyə aydınlıq gətirmək üçün Mahirin agenti Tural Əsgərovla əlaqə saxladıq. O, Polşa mətbuatında yazılanları təkzib edib: "Son günlərdə Mahirin transfer məsələsi ilə bağlı heç bir dəyişiklik yoxdu. Polşa mətbuatı nə yazıb, özü üçün yazıb. Saytınıza bundan əvvəl dediyim kimi, "Legiya" ilə danışıq aparıram, başqa 4-5 klubla da. "Legiya"nın 1-2-ci yerdə olduğunu demək olmaz. Məbləğlə bağlı nə təsdiq edə biləcəm, nə də təkzib. Məbləğ söhbətini ümumiyyətlə, eləmirəm. Konkret deyə bilərəm ki, düzgün məbləğ yazmayıblar".
Polşalıların yazdığı bir məqam da diqqət çəkir ki, Emreliyə Rusiyanın "Ural" (Yekaterinburq) və Almaniyanın "Union" (Berlin) klublarından aldığı təkliflər maddi cəhətdən daha yaxşıdı, lakin futbolçu Qərbi Avropaya yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı komandaya keçmək niyyətindədi. Əsgərov belə bir şeyin də olmadığını diqqətinə çatdırıb: "Nə "Ural"la danışmışam, nə də "Union"la".
MEHMAN SÜLEYMANOV