Hazırda ən yaxşı futbolçumuz olan Mahir Emreli. Bu yay "Qarabağ"dan "Legiya"ya keçəndən sonra çox uğurlu karyera sürməklə bizləri durmadan sevindirən millimizin 24 yaşlı hücumçusu. Onun Bakıya növbəti səfəri də məhz milliylə bağlıdı. Yığmanın düşərgəsinə qoşulmamışdan əvvəl söhbətləşdiyimiz Mahir Sport24.az-a geniş müsahibəsində bir çox məqamlara toxundu. 

- Başlayaq lap əvəvldən - niyə məhz "Legiya? Bu klub hansı planda səni özünə cəlb etdi?

- "Legiya" məni öz tarixiylə cəlb etdi. Avropada lap üst səviyyədə çıxış etməsə də, özündən söz etdirən bir klubdu və hər kəs onu tanıyır. "Legiya"ya həqiqətən çox diqqət göstərirlər. Başqa bir məqam də onların azarkeşləri ilə bağlıdı ki, dünyada 4-5-ci sıraladadırlar. "Qarabağ"la Avropada çox yerə gedib oynamışam, amma belə çılığın azarkeşləri həqiqətən ilk dəfədi görürdüm. Sözün düzü, varşavalılar belə cəlb elədilər məni. Düzdür, son ildə azarkeşsiz oynasalar da, videolarda son dəfə gördüklərim, son çempionluqları zamanı etdikləri bayram mənə necə böyük bir klub olduğunu göstərdi. "Legiya" çempionluğa oynayan klubdu - önəmlisi bu idi mənim üçün.

- 19 oyuna 10 qol. Belə demək olarmı ki, sənin dəst-xəttinə daha məhz "Legiya" uyğun gəlir?

- Deməzdim ki, "Qarabağ" oyun dəst-xəttimə uyğun gəlmirdi, "Legiya" uyğundu. Tamamilə fərqli üslubda futbol oynayan komandalardı. Amma çalışdım ki, Polşa təmsilçisinə uyğunlaşım və şükürlər olsun ki, bunu bacardım. Düşünürəm ki, daha da zamana ehtiyac var. Amma başlanğıc üçün məncə, yaxşıdan da yaxşıdı (gülür).

- Komandanız Avroliqadan fərqli çempionatda uğursuz çıxış edir, turnir cədvəlində xeyli aşağıdadı. Son çempion niyə belə uğursuzluq zolağındadı?

- Bu suala cavab vermək doğrudan çətindi. Xüsusilə son matçı vurğulayardım ki, həqiqətən zəif təsir bağışladıq. Ancaq sizi inandıırm ki, bu, ilk dəfə idi. Daha əvvəl çemponatda deməzdim ki, zəif təsir bağışlamışdıq. Bütün matçlarda meydanda dominantlıq eləmişik. Sadəcə, nəticə yaxşı olmayıb. Bu son oyunda isə nəsə düz getmədi. Oturub analiz edib səhvlərimizə baxacağıq. Amma çempionatda daha əvvəlki görüşlərdə məğlubiyyətə layiq olduğumuzu düşünmürəm. 

-  Səncə, Polşa Ekstraklasasında əsas hansı keyfiyyətlərə malik olmalısan ki, duruş gətirə biləsən?

- İlk növbədə güclü fziiki hazırlığa malik olmalısan. O yoxdursa, yaxşı bir sürətə və texnikaya. Oynadığın mövqeyə görə dəyişir. Hücumçusansa, texnika və sürətin hesabına oynamaq olar o çempionatda. Çünki müdafiəçiləri iri gövdəli, ancaq eyni zamanda ağırdırlar. Sürətin olmadısa, bir az çətin olacaq onlara qarşı oynamaq. Çox çətin liqadı, çox sərt mübarizədə keçir oyunlar. Hər oyunda bu mübarizəyə dözümlü və hazır olmalısan. Çünki hər matç doğrudan çox ağır keçir.

- Qrupda ilk qolunu indi vurdun, özü də "Lester"ə qələbə topu. Bununla da həm İngiltərə Premyer Liqa klubuna, həm də müstəqil Azərbaycan futbolunun yetirmələrindən legioner kimi qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşdün. Bu amillər nə dərəcədə əhəmiyyətlidi sənin üçün və ardında nə gözləyək?

- Tarixə düşmək önəmlidi, ancaq mənim üçün o dərəcədə yox. Çünki yazılanlara çox diqqət etmirəm. Daha çox etdiklərimə fikir verirəm. Çalışıram ki, işimi düzgün görüm. Yalan deməyəcəm, "Lester"ə qol vuranda çox gözəl hisslər keçirdim. Amma həmin gün, həmin gecəni çalışdım tez ağlımdan çıxardım ki, bu, məni dayandırmasın və davamını gətirə bilim. Çox istərdim ki, bunu reallaşdırım. Bunu da zaman göstərəcək. İndidən fikir söyləmək istəməzdim.

- "Lester"lə matçda Çağlar Söyünçüylə epizodunu xatırlayaq. Soyuq başla analiz edəndə, hansı qənaətə gəldin - bu, emosiyaların nəticəsi idi, yoxsa...? Hiss olunur ki, oyundan sonra ilk addımı atdığından barışığı özünə borc bildin. Türkiyə millisinin müdafiəçisiylə söhbətinizin detalları bilmək maraqlı olardı...

- Həmin epizod kameranın diqqətinə düşməyib. Çağlarla dalaşmamışam, oyun başlayandan çox isti münasibət vardı aramızda. Hətta yaxınlaşıb uğurlar da dilədik bir-birimizə. Oyunboyu da nə qədər sərt mübarizədə olsaq da, belə deyək, qəzəblənmədik bir-birimizə. Futbolun qanunlarının olduğunu anlayırdıq. Həmin epizodda əvəzləndiyim zaman "Lester"in futbolçusu məni itələdi ki, meydandan tez çıxım. Mən onun üzərinə şığıyanda Çağlar gəldi məni tutdu. Həta komanda yoldaşlarım da düşündü ki, Çağlarla dalaşıram, onu tuturdu. Çağlar isə əksinə, sakitləşdirirdi məni. Mənə dedi ki, yaxşı oyun keçirmisən, belə şeylərlə qoyma xal itirəsəsiniz. Dedi ki, oyundan sonra görüşərik. Mənim də cavabım "tamam" oldu. Oyundan sonra Çağlaroa yaxınlaşdım və bir az söhbət elədik. Daha sonra telefon nömlərimizi bir-birimizə verdik. Mən də bunu ona görə etdim ki, Varşavaya, yaxud Bakıya gələrsə, bir şeyə ehtiyacı olar. Yaxud mən İngiltərəyə gedəndə - sadəcə, əlaqə olsun. 

- Belə təəssürat yaranır ki, "Legiya" səni satmağa tələsir? Hər halda, baş məşqçinizin dilindən düşmürsən, yetərincə piarın gedir. Artıq özün də bu yöndə nələrsə hiss edirsən ki, səninlə artıq maraqlanan klublar var? Bəlkə artıq danışıqlara start verilib?

- Dediyinizə ümumiyyətlə, qatılmıram. Piarım getmir, sadəcə, etdiklərimin nəticəsidi. Baş məşqçimə də haqqımda sual veriləndə, sadəcə, ona cavab verir. Yəni, belə deyim ki, doğru nədirsə onu deyir. Ortada piarın olduğuyla razı deyiləm. Sadəcə, işimi görürəm və deyə bilmərəm ki, "Legiya" məni satmağa tələsir, yaxud yox. Ümumiyyətlə, bu barədə də az düşünürəm. Çünki "Legiya"yla 3 illik müqaviləm var və bu klubun uğurları üçün çalışıram. Özümü də burda çox xoşbəxt hiss edirəm. Qarşıda nə olacağını isə deyə bilmərəm. Amma çox suallar verilir mənə bu barədə ki, gələcəkdə nə, necə olacaq, hara getmək istəyirsən. Bəli, bütün futbolçuların uşaqlıqdan arzularıdı böyük klublara getmək, orda oynamaq və s. Bu haqda fikirlərimi demişəm, ancaq deməmişəm ki, bu, belə də olacaq.  Hal-hazırda "Legiya"dayam, çox sevinirəm ki, bu klubdayam. Möhtəşəm atmosfer və möhtəşəm azarkeşlər var burda. 

- Polşalı çalışdırıcınız Çeslav Mixneviçi bizə bir baş məşqçi kimi fərqli cəhətləriylə necə xarakterizə edərdin? O, sənə nə verib ki, belə parladın qısa müddətdə? Sənin üçün nə dərəcədə əhəmiyyətli fiqurdu bu mütəxəssis?

- O, məni gəldiyim ilk gündən çox isti qarşıladı. Etdiyimiz söhbət zamanı da ona necə insan, ümumiyyətlə, bir azərbaycanlı futbolçu kimi ilk dəfə xaricdə olduğumu, bir qədər fərqli mentalitetə malik və digər futbolçulardan mənə bir az fərqli yanaşmaq olduğunu dedim. O da hiss elədi bunu, çünki hər futbolçu bir cürdü. Mənim də özümə görə bir xarakterim var. O, mənə sadəcə, necə yaxınlaşmalı olduğunu anladı. Mənə individual öyrədirdi ki, nə etmək lazımdı, oynatmaq istədiyi futbolu tez bir zamanda aşılamağa çalışdı. Baxır ki, istədiyi effekti bəzən verə bilirəm (gülür). Çalışıram ki, bunu qoruyum saxlayım və daha yaxşı nəticələr üçün vuruşaq. 

- Bir vaxtlar  status paylaşmışdın ki, səni yalnız Qurban Qurbanov tənqid edə bilər. Belə demək olarmı ki, "Legiya"nın baş məşqçisi də artıq bu sıradadı, yoxsa ona hələ tezdi?

- O dediyim söz Azərbaycan üçün keçərli idi. Yəni, Qurban Qurbanov məni nəinki Azərbaycanda, hər yerdə tənqid edə biləcək insandı. Ölkəmizdə onunla yanaşı, bir neçə belə insan tanıyıram. Kimin ki, o ixtiyarı var məni tənqid eləməyə. Amma əlbəttə ki, "Legiya"dakı baş məşqçim də məni təndiq edə, iradlarını bildirə bilər. Şükürlər olsun ki, bu zamana kimi tərbiyəsizlikmi deyim, ümumiyyətlə, artıq bir hərəkət etməmişəm. Futbol mənim üçün önəmlidi, həyatımın bir parçasıdı. Amma ondan əvvəl insan münasibətləri daha önəmlidi və bunu qoruyub saxlamağa çalışıram. Dediyim kimi, "Legiya"nın baş məşqçisi məni tənqid də edə bilər, tərifləyə də.

- Maraqlıdı, Qurban müəllimlə sonuncu dəfə nə vaxt əlaqəniz olub? Səni hər qolundan, uğurlu oyunundan sonra təbrik edibmi? Edibsə, hansı tövsiyələrini çatdırıb?

- Hər qələbəmizdən, hər qolumdan sonra əlaqəmiz var Qurban müəllimlə. Yaxud onlar qələbə qazananda mən təbrik edirəm. Qurban müəllim zəng edir, təbriklərini çatdırır, msləhətlərini verir. Daha çox dayanmamağı tövsiyə edir. Deyir ki, çalış, bunu qoruyub saxla və nəticə verməyə davam elə, komandan üçün oyna hər zaman. Yəni, belə məsləhətlərini verir. İndiyədək də yaxşı münasibətlərimiz var. Mən də çalışıram bəzən onların oyununa baxım. Onlar da çalışır ki, vaxtları varsa, mənim oyunlarımı izləsinlər. Bir sözlə, çox yaxşı, sıx münasibətimiz var və ümid edirəm ki, bu, ömrü boyu da belə olacaq. Çünki Qurban Qurbanovun nəinki karyeramda, ümumiyyətlə, həyatımda artıq bir yeri var. O, hər zaman mənim "hocam" olaraq qalacaq.

- İcazə ver zarafatyana bir sual verək - "Qarabağ"ın heyətində "Legiya"yola matçda boş qapını dəqiq nişan ala bilmədin və bəlkə klub buna görə səni alıb? Ümumiyyətlə, hazırkı komanda yoldaşların həmin epizodu, həmin matçı xatırlayırlarmı?

- Mən də zarafatyana deyim ki, hiss edirdim bura gələcəyimi və ona görə dedim ki, ayıbdı bu komandaya qol vurmaq. Bu üzdən bilərəkdək topu çölə vurmuşdum. Zarafatı bir qırağa qoyaq, o epizod yadımdadı, qapı boş deyildi. Belə görünsə də, trayektoriyasına görə rahat top deyildi. Düzdü, bilmirəm televizordan nə dərəcədə göründü, amma hətta həmin gün epizodu Qurban müəllimlə müzakirə elədik. O da dedi ki, hər şeyi doğru elədin, sadəcə, dəqiqlik çatmadı. Yəni, xatırlayıram o epizodu. Komanda yoldaşlarımı, yaxud kimisə isə deyə bilmərəm. Çünki bir neçə dəfə müzakirə eləmişik o oyunu və belə çox yada salınmır həmin epizod. 

- "Legiya" Avroliqada "Napoli", "Lester" kimi güclü rəqiblərlə qrupda yüzfaizli nəyticəylə gözlənilmədən vahid liderdi. Bu nəyin nəticəsidi və bu turnirdə məqsədiniz, hədəfiniz nədi?
- Dedikləriniz çox böyük klublardı. "Spartak" da olsun, özünəməxsus bir tarixi var. Çox çətin qrupa düşmüşük. Amma hələ ki çox yaxşı gedirik və çalışırıq bunu qoruyub saxlayaq. Heç bir matçdan əvvəl heç vaxt proqnoz vermirik ki, nə, necə olacaq. Amma həqiqəti demək lazımdırsa, hər iki oyunu çox yüksək səviyyədə keçirdik - həm "Spartak"la, həm də "Lester"lə. Sonda da istədiyimiz nəticəni qazandıq. Sevindirici hallardan biri də odu ki, heç bir oyuna xüsusi təzyiqlə çıxmırıq. Çox rahat çıxırıq və oyunlarımızı oynayırıq.

- Legioner həyatı yaşayan azərbaycanlı futbolçular həmişə bir şeydən şikayətlənirlər - ev üçün darıxıram. Bəs səndə necədi - eyni sindromu yaşamırsan, yoxsa darıxmağa vaxtın olmur?

- Ümumiyyətlə, olur darıxdığım məqamlar. Amma bacım tez-tez yanıma gəlir və bu ayların çoxunu yanımda oldu. Görək də, anam da bu ay gəlməlidi yanıma. İlk gələn günlər bir az çətinlik çəkdim, amma hər şey öyrəşənə kimi oldu. Komandaya da öyrəşdim, dostlar tapdım özümə komandada, yaxın insanlar oldular mənə. Zaman keçdikcə bir tərəfdən darıxmağa da vaxt olmur. Çünki 3 gündən bir oyundu. Amma çox vaxt bacım olur yanımda və zamanın çoxunu də onunla keçiririk. Sırada anamızı da gözləyirik, o da gəlsin Polşaya.

- Yaxın gələcəkdə ailə həyatı qurmağı düşünürsən? Bəlkə həyat yoldaşın elə həmin Polşadan oldu?

- Bu işlər qismətlə bağlıdı. Deyə bilmərəm bu barədə heç nə, həyat yoldaşım hardan olacaq (gülür). Çox da düşünmürəm bu barədə. Bunlar qismət işləridi. Bilmək olmaz həyat yoldaşım hardan olacaq - azərbaycanlı, yaxud xarici. Həyatımda biri çıxsa, evlənməyi düşünürəm. Amma hal-hazırda həyatımda biri yoxdu. 

- Polşanı, polşalıları bizə təsvir edərdin. Necə bir ölkədi, necə bir insanlardı? Mətbəxlərinə nə dərəcədə uyğunlaşa bilmisən?

- Emosional millətdi, çox istiqanlıdırlar. Dost olmağı həqiqətən bacaran millətdi. Yəni, Polşada çətinlik çəkmirəm sırf bu şeylərlə bağlı. Rus dilini də bildiyim üçün onların dilinə də tez uyğunlaşa bilirəm. Amma onları gəlib görmək lazımdı. Sırf oyunlada azarkeşləri görməyiniz, o atmosferi hiss etməyinizi istərdim. İstəməzdim ki, sırf insanları fərqləndirim necə bir insanlardı. Amma özümü çox yaxşı hiss etdiyimi bilirəm, çox rahat dil tapa bilirik. Mətbəxlərinə gəlincə, çox vaxt bazada yediyimiz üçün qeyri-adi yeməklərinin olduğunu deyə bilmərəm. Amma piroqi var - şirniyyatları çox dadlıdı, bəyəndiklərimdi. Ümumiyyətlə, Varşava çox böyük şəhər, Polşa çox böyük ölkədi. Xaricdə çoxlu insan yaşayır orda. Hətta azərbaycanlıların, zaqatalıların orda restoranı var (gülür). Zaman olduqca gedib bizim mətbəxin yeməklərini də yeyirəm. Yəni, tək Polşa mətbəxiylə qidalanmırıq.

- Azərbaycan futbol tarixində ən yaxşı hücumçu Anatoli Banişevskidə Polşa kökləri var. Maraqlıdı, Polşada bunu bilirlər, söz salırlar bundan? Bəlkə Banişevskiylə səni müqayisə də etməyə başlayıblar?

- Yox, yalan deyərəm. Bu barədə heç bir söhbət olmayıb. Heç eşitməmişəm də belə bir söhbətin olmağını. Heç bir şey soruşmayıblar məndən o haqda, məni Banişevskiylə da heç bir dəfə müqayisə etməyiblər.

- Polşada çıxış edən digər milli üzvümüz Anton Krivotsyukla nə dərəcədə sıx əlaqən var? Sonuncu nə vaxt təbrik eləyib səni? Polşada meydandan kənarda görüşməyə imkan tapmısınız?

- Ayrı-ayrı şəhərlərdə yaşayırıq - mən Varşavada, o Plotskda. Əlaqəmiz demək olar yoxdu. Son dəfə onlarla Varşavada oynayanda, xəstə idim, oynamırdım. Amma meydanda görüşüb salamlaşdıq. Bundan əvvəl də Bakıya bir yerdə uçurduq və bu arada söhbətləşirdik.

- Millimizin qarşıdakı oyunlarından nə gözləyirsən? Neçə xala ümid edək? İrlandiyayla səfərdə 1:1 ilk ev qələbəmizə nə dərəcədə ninkinlik yaradıb?

- Heç vaxt oyunlara nəticələrlə bağlı proqnoz verməyi xoşlamıram. Rəqibi analiz edib doğru nədirsə, meydanda onu etməyə çalışacağıq. Və orda nəticəni, nə olacağını düşünəcəyik. Elə rəqiblərdi ki, onlara qarşı oynamaq olar. Çalışacağıq ki, əlimizdən gələnin yaxşısını edək.

- "Legiya"dan fərqli millidə elə də parlaq oyun göstərə, qol vura bilmirsən? Bunun əsas səbəbini nədə görürsən?

- Klub səviyyəsində tam başqadı, milli tam başqa. "Legiya" ayrı futbol oynayır, milli tam ayrı. Bu barədə çox düşünməməyə çalışıram. Çünki millidə sıx qrafikdə bir neçə oyun olur və çalışırıq yaxşı nəticə üçün meydana çıxaq. Qoldan öncə yaxşı nəticəni düşünürəm. Bu oyunlarda qol vurmağı həqiqətən çox istəyirəm. Çünki artıq özüm də görürəm ki, uzun zamandı millinin heyətində qol vurmuram.

- "Legiya"nın bombardiri millimizin qarşıdakı matçlarında azarkeşlərə qol söz verə bilərmi?

- O sözü verə bilərəm ki, - "Legiya"da da hər zaman bunu deyirəm - ən yaxşısını edim, meydanda sonadək vuruşum. Meydana çıxanda hər kəs görsün ki, səmimi qəlbdən, vicdanla Mahir bu gün meydanda canını qoydu və sonadək döyüşdü. Və alınsa, əlbəttə, qol da vurmaq istəyəcəm. 

 

 

 

MEHMAN SÜLEYMANOV