Azərbaycan millisi sentyabrın 27-də UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq. Sport24.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Litva yığmasının qonağı olacaq.
Bu, komandalar arasında tarixdə 4-cü qarşılaşma olacaq. İndiyədək keçirilən 3 görüşün hamısı yoldaşlıq xarakteri daşıyıb.
Tərəflər ilk dəfə 1998-ci ildə üz-üzə gəlib. Həmin matçda Azərbaycan millisi Litvanı 2:1 hesabı ilə məğlub edib.
2008-ci ildə baş tutan ikinci görüşdə isə qalib tərəf Litva olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar sonuncu dəfə 2019-cu ildə qarşılaşıblar. Yoldaşlıq görüşündə qalib müəyyənləşməyib və tərəflər meydanı qolsuz heç-heçə ilə tərk ediblər.
Beləliklə, əvvəlki 3 oyunun nəticələrinə əsasən, Azərbaycan millisi Litvaya qarşı 1 qələbə qazanıb, 1 dəfə məğlub olub və 1 heç-heçə edib.
Qeyd edək ki, sentyabrın 27-də keçiriləcək Litva – Azərbaycan oyunu saat 17:00-da başlayacaq.