Premyer Liqamızda ilk dövrəyə bu gün yekun vurulur və hələ ki qələbə qazanmayan yeganə komanda “Sabah”dı. Komandanın yay transferi olan ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosun Sport24.az- müsahibəsində bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq. 

- Futbolda ilk addımlarını "Tottenhem"də, "Barselona"da atan Kristian Sebalyosun ağlına gələ bilərdi ki, bir gün karyerasını Azərbaycanda davam etdirəcək?
- Bəli, mən “Tottenhem” və “Barselona” kimi komandalarda çıxış etmişəm. Bu klublarda çıxış etməkdən böyük zövq aldım, həmçinin yaxşı təcrübə qazandım. Bundan əlavə, Belçikada, Portuqaliyada, Qətərdə də çıxış etmişəm. Hazırda mən burda, “Sabah”dayam. Çıxış etdiyim hər ölkədə, hər klubda yeni təcrübə qazanıram. “Sabah” da mənim üçün yeni təcrübə, yeni çağırışdı. 

- Səni bura - "Sabah"a gətirən, cəlb edən əsas amil nə oldu?
- “Sabah”a keçməyə razılıq verdim, çünki bu komandanın iddiaları var. Mənimlə əlaqə saxladılar, birlikdə komandanın iddiaları, gələcək hədəfləri barədə danışdıq və indi burdayam.

- Yeni klubuna, yenə ölkəyə nə dərəcədə uyğunlaşmısan? Tam adaptasiya keçməmisənsə, buna hələ nə qədər vaxt lazımdı?
- Bəli, komandaya və ölkəyə çox tez uyğunlaşdım. Bayaq da qeyd etdiyim kimi, bu günə kimi bir çox fərqli ölkədə çıxış etmişəm. Buna görə, “Sabah”a və ölkəyə uyğunlaşmaqda heç bir çətinlik çəkmədim.

- Azərbaycanda oynamış həmyerlilərindən kimlər dost-tanışlarındı və bura gəlməmişdən onlardan məsləhət almağı lazım bildin?
- “Sabah”dan təklif gəldikdən sonra burda çıxış edən həmyerlim Xuan Kamaradan məsləhət aldım. O, bura məndən 2 ay öncə gəlmişdi. Xuan mənə həm Azərbaycan, həm Bakı, həm də “Sabah” barədə xoş şeylər dedi və təklifi qəbul etməyimi məsləhət bildi.

- "Sabah" da bu mövsümdə qol vurmaqda çətinlik çəkir, sən də. Qol hesabını hələ də açmamağına nə əsas əngəl olur?
- Qol vurmaq baxımından problemlərimiz var. Lakin qeyd etməliyik ki, məhsuldarlıq baxımından "axsasaq" da, keçirdiyimiz oyunlarda kifayət qədər qol fürsəti yaradırıq. “10 nömrə”yəm, pleymeykerəm. Həm qol vurmaq, həm də komanda yoldaşlarıma məhsuldar ötürmə edərək onların fərqlənməsinə şərait yaratmaq baxımından əlimdən gələni edəcəm. Ümid edir və inanıram ki, tezliklə bunun öhdəsindən gələcəyik.

- Komandanız 1 xalla son pillədədi. Uğursuzluğun əsas səbəbini nədə görürsən?
- Yeni komandamız var. Müxtəlif ölkələrdən fərqli futbolçular var komandamızda. Əlbəttə bu oyunçuların bir-birinə uyğunlaşması üçün müəyyən zamana ehtiyac var. Komandamız yaxşı futbolçulardan təşkil olunub. Vaxt keçdikcə bir-birimizə daha yaxşı uyğunlaşırıq. Ancaq indiyə kimi keçirdiyimiz oyunlarda bir neçə qələbə qazana bilərdik. Lakin bu oyunlarda yol verdiyimiz müəyyən səhvlər buna əngəl oldu. Əlbəttə, hələ qələbə qazana bilməməyimiz kədərlidi. İlk qələbəmizi qazandıqdan sonra komandadada özünəinam bir az da artacaq və bir komanda kimi inkişaf edəcəyik.

- Təcrübəli futbolçu kimi necə hesab edirsən - belə çətin vəziyyətdən çıxmaq üçün ilk növbədə nə etməyiniz lazımdı?
- Bəli, təcrübəli futbolçuyam. Düşünürəm ki, öz təcrübəmlə komandamın yaxşı nəticə qazanmasına və yerli gənc oyunçuların inkişafına kömək edə bilərəm. Bunun üçün məşqlərdə əlimdən gələni edirəm. Var qüvvəmlə çalışıram ki, komandama kömək edim və düşdüyümüz hazırkı vəziyyətdən tezliklə çıxaq.

- Bu ikihəftəlik pauza çempionatda nə dərəcədə yerinə düşdü sizin üçün və bundan maksimum yararlana bilirsiniz vəziyyəti xeyrinizə dəyişmək üçün?
- Milli komandaların oyunlarıyla bağlı yaranmış 2 həftəlik fasilə bizim üçün xeyirli oldu. Bu müddətdə gərgin məşqlər keçirdik. Ümid edirəm ki, tezliklə çempionatda qələbə qazanaraq, bu məşqlərin bəhrəsini görəcəyik.

- Son turda rəqibiniz Azərbaycanın son illərdə ən güclü, titullu komandası olan "Qarabağ"dı. Bu ilk dövrəni qələbəsiz başa vurmaq reallığını göz önünüə gətirir, yoxsa..?
- Bizi ölkənin ən yaxşı komandasına qarşı çətin oyun gözləyir. Rəqib Konfrans Liqasının qrup mərhələsində çıxış edir və bir çox yaxşı futbolçulara malikdi. Lakin futbolda hər oyun fərqli xarakter daşıyır. Bu matçda ən yaxşı oyunumuzu sərgiləməliyik. Qalib gəlmək üçün əlimizdən gələni etməliyik. Bu görüş bir komanda kimi bizim üçün çox vacibdi.

- Klubunuzun adını daşıyan sözün mənasını yəqin, sənə deyiblər. Elə isə fikirlərin maraqlıdı, "Sabah"ın sabahını necə görürsən?
- Bəli, “Sabah” sözünün mənasını bilirəm. Əlbəttə, “Sabah”ın öz hədəflərinə çatacağına inanıram. Bu klubun üzvü olduğuma görə şadam. Əlimdən gələni edəcəm ki, komandam hədəflədiyi uğurlara nail olsun.

 

 

MEHMAN SÜLEYMANOV