"Çətin oyun oldu. Vəziyyəti hamımıza məlum idi. Avrokuboklara vəsiqə qazanmaq üçün bu maçtda qələbə ilə ayrılmalıydıq. Sonda bunu bacardığımıza görə xoşbəxtəm. Bütün Naxçıvan əhlini təbrik edirəm. Lakin qarşıda son turun oyunu – "Zirə" ilə matçımız var. Həmin qarşılaşmaya hazırlaşmalıyıq". Bu sözləri Misli Premyer Liqasının 35-ci turunda keçirilən "Şamaxı" – "Araz-Naxçıvan" matçından (0:1) sonra qonaqların moldovalı qapıçısı Kristian Avram Sport24.az-a açıqlamasında deyib.
30 yaşlı qolkiper "Araz-Naxçıvan"ın tarixi ərzində ilk dəfə avrokuboklara vəsiqə qazanması haqda da fikirlərini bölüşüb:
"Bu, "Araz-Naxçıvan" üçün tarixi hadisədir. Həm də komandamızın bir neçə futbolçusu bundan əvvəl fərqli klubların heyətində avrokuboklarda çıxış edib və bu təcrübə baxımından bizim üçün müsbət məqamdır. Premyer Liqanın son turunda keçirəcəyimiz oyundan sonra istirahətə yollanacağıq. Ardınca da hamılıqla Konfrans Liqasındakı çıxışımıza konsentrasiya olacaq və hazırlaşacağıq".
Avram "Zirə" ilə matça da qələbə qazanmaq üçün çıxacaqlarını söyləyib:
"Konfrans Liqasına vəsiqə qazandığımız üçün rahatlaşmamalıyıq. "Zirə" çox yaxşı rəqibdir. Bu oyunda da xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki peşəkar klubuq və hər oyuna nəticə qazanmaq üçün çıxmalıyıq. Mövsümün son matçını da müsbət notlarla bitirib, istirahətə yüksək əhval-ruhiyyədə yollanmaq istəyirik".
Qeyd edək ki, "Araz-Naxçıvan" – "Zirə" matçı mayın 25-də keçiriləcək