"Keşlə"nin Premyer Liqanın son turunda "Zirə"ylə ev matçında (2:2) zədələnən legioneri Sadio Tounkaranın durumuna aydınlıq gəlib. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a qış transferi olan malili yarımmüdafiəçinin MRT müayinəsinin nəticəsini açıqlayıb: "Sadio yan əzələ bağlarından xəsarət alıb, ayağı burxulub. Axsaması bizdə narahatlıq yaradırdı ki, əməliyyata zərurət yarana bilər. Ancaq şükür Allaha ki, buna lüzum olmadı. Sadəcə, həkimlərin dediyinə görə, iki həftə məşq edə bilməz. Onun ayağında 4-5 il əvvəl əməliyyat olub və indi həmin yerdə ödəm yaranıb. Həkimlər müalicə prosedurları edəcək ki, iki həftədən sonra məşqlərə başlaya bilsin".
Qurbanov son vaxtlar zədəli olan millimizin üzvləri - sol cinah müdafiəçisi Azər Salahlı ilə yarımmüdafiəçi Rəhman Hacıyevin durumundan da söz açıb: "Azər Qəbələdəki matçda 74-ci dəqiqədə zədələndi. Əzələsini dartdı, əvəzləməli olduq. Artıq bir həftədi müalicəsi gedir. Rəhmanın isə məşqdə ayaq əzələsində ağrılar yarandı. Komandanın hazırlığında da iştirak edir, fərdi planda da çalışır. Ancaq bəzi hərəkətləri edəndə, görürsən ki, ağrılar qalıb. Tounkarayla yanaşı, Salahlıyla Hacıyev də "Sabah"la 2 gün sonra səfər matçımızda olmayacaqlar. Zədəli yerli futbolçularımızın ən yaxşı halda sonrakı turda oynayacaqlarına ümid edirik. Həkimlər də belə proqnoz verir. Əsas Azərin komandanın hazırlığına nə vaxt qoşula biləcəyini gözləyirik, çünki Rəhman dediyim kimi, kollektivlə birgə çalışır".
Xatırladaq ki, 30 yaşlı Tounkara "Keşlə"də qol hesabını məhz son turda açaraq, bundan az sonra zədə üzündən əvəzlənib.
MEHMAN SÜLEYMANOV