Bu həftə Premyer Liqada 2022/23 mövsümü başa çatacaq. 

Sport24.az xəbər verir ki, sonuncu tur iki günü əhatə edəcək. “Qəbələ” turun ilk günündə meydana çıxacaq. “Qırmızı-qaralar” evdə “Kəpəz”i qonaq edəcək.

Sabah baş tutacaq görüş komandaların 24-cü dueli kimi tarixə düşəcək. “Qəbələ” indiyədək 23 dəfə “Kəpəz”lə qarşılaşıb. Əvvəlki oyunların hamısı Premyer Liqa çərçivəsində baş tutub.

Bu matçlarda üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 10 qələbə olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 6 məğlubiyyət alıb. “Qəbələ” top fərqində də öndədir – 31-19. Gəncəlilərlə duellərdə Baqali Dabo və Filip Ozobiç daha çox - hərəyə 3 qol vurub.

12-ci dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 6 dəfə qalib gəlibsə, 3 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 15 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 7 top buraxıb

Sabah Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” matçı saat 17:30-da başlayacaq.