Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçına çıxıb. Yığmamız Bakıda Tacikistan millisini qəbul edib. 8-ci km qəsəbə stadionunda reallaşan görüş yığmamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

 

"Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Əsas motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik, amma ikinci hissə dəyişiklikdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımız istirahət etdirdik. İnanıram ki, onlar da bizə qoşulacaq və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq".

 

- Abdulla Xaybullayevin durumu nə yerdədir? Edqar Adilxanovu necə, növbəti oyunlarda görə biləcəyik?

 

- Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlanğıc olmalıdır. Gənclərə yol açmaq lazımdır.

 

- Cahangir Fərəcullayevlə danışırdınız. Sirr deyilsə, nə danışırdız? Legionerlər də oynadı. Onlardan da razı qaldız?

 

- Baş katib həmişə yanımızdadır, həmişə dəstəyini verir, uğurlar arzuladı.  Milli komandada bir yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.

 

- Bu oyundan sonra sizcə hansı detallarda artırmaq lazımdır növbəti oyunöncəsi?

 

- Bəzi mövqelər var idi ki, bizə sual doğurdur, o futbolçuları görmək istəyirdik.  Onları bu gün gördük, suallarımıza cavab oldu. Litva tam başqa cür komandadır, onlara tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.

 

- Rəhim Sadıqov start heyətində hüucmun sivri ucunda yer alırdı. Bu, rəqib qapıçı Oleq Baklovu daha yaxşı tanıması ilə bağlı idi?

 

- Xeyr, o oyun üslubumuz idi. Rəqibi pressinq edəndə, iki hücumçu olurduq. Top bizdə olanda Rəhimdən daha çox 10 nömrə kimi istifadə etmək istəyirdik. Bəzən belə oyunlar, rəqibin müdafiəsini yarmaqda gizli hücumçu kimi istifadə etmək istəyirdik.

 

- Litva səfərindən bir xal gətirmək sərfəli nəticə hesab oluna bilər?

 

- Qrupda üç komanda var da. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq.