"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalko Sport24.az-a müsahibə verib.
Qərb təmsilçisinin keçmiş müdafiəçisi müsahibəsində Azərbaycan çempionatını izləməsindən, Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etməsindən, yenidən "Kəpəz"də oynamaq istəyindən və Gəncə klubunun yeni mövsümdəki perspektivlərindən danışıb.
– "Kəpəz"dən ayrıldıqdan sonra Azərbaycan çempionatını izləyirsən?
– Bəli, əlbəttə. Bəzən Azərbaycan çempionatının oyunlarına baxmaq mənə maraqlıdır. Bu yaxınlarda "Qarabağ" – ÇSKA oyununu da izlədim. Çox yaxşı matç oldu, amma təəssüf ki, "Qarabağ"ın bəxti gətirmədi. Sonra "Dinamo" ilə görüşlərinə də baxdım. Konfrans Liqasında pley-offa yüksəldilər. Onları təbrik edirəm.
– 2025-ci ildən Qazaxıstanda çıxış edirsən. Bu ölkənin çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə edə bilərsən?
– Düşünürəm ki, bunlar tamamilə fərqli çempionatlardır. Qazaxıstanda oynamış insanlar nə demək istədiyimi yaxşı anlayırlar. Burada logistika çox vaxt aparır. Bəzən oyunlardan sonra bütün günü yolda oluruq və faktiki olaraq bərpa üçün nəzərdə tutulan bir günü itiririk.
– Bəs rəqabət necədir?
– Çempionatda 16 komandanın olması böyük fərqdir. Azərbaycanda turnir cədvəlinin yuxarı sıralarında rəqabət daha sıxdır və komandaların yaxşı büdcələri var. Burada isə yəqin ki, yalnız "Kayrat" futbolda belə bir hegemon komandadır. Baxmayaraq ki, bu mövsüm "Ordabası" da çox güclüdür.
– Son bir il ərzində Azərbaycandan hər hansı təklif almısan?
– Xeyr. Heç bir klub, məşqçi və ya agent mənimlə əlaqə saxlamayıb.
– Yenidən "Kəpəz"də oynamaq istərdin?
– Mən bunu istəyirdim və gözləyirdim. Amma futbolçunun karyerası qısadır. Mən mənə dəyər verildiyi və hörmət edildiyi yerdə oynamaq istəyirəm.
– "Kəpəz"də rəhbərlik və baş məşqçi dəyişib. Səncə, bu mövsüm nə edə biləcəklər?
– Həmin insanların getməsi yaxşı oldu. Onlar böyük bir qrup futbolçu ilə düzgün davranmadılar. Bizə söz vermişdilər ki, komandada qalacağıq və komanda bizim ətrafımızda qurulacaq. Açığı, nə gözləməli olduğumu bilmirəm.
Düşünürəm ki, komanda Premyer Liqada yerini qorumaq uğrunda mübarizə aparacaq. Bunu mən demirəm. Azərbaycandan bəzi insanlarla əlaqə saxlayıram və onlar mənə belə deyirlər. Üstəlik, mövsüm hələ başlamayıb və "Kəpəz"dən nə gözləməli olduğumu dəqiq bilmirəm.
Halbuki komanda ən azı turnir cədvəlinin ilk yarısında yer almalıdır. Belə azarkeşləri və stadionu olan komanda, prinsip etibarilə, çempionatda qalmaq uğrunda mübarizə aparmamalıdır. Amma bunun üçün yaxşı maliyyələşmə lazımdır. Müasir futbolda belə meyarlar var.