Misli Premyer Liqasının I turunda "Qəbələ"ni məğlub edən (1:0) "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis görüş barədə düşüncələrini bölüşdü:

 

– Təxmin etdiyimiz kimi, istənilən çempionatın ilk matçı çətin keçir. Şadam ki, qələbə qazandıq. Mövsümə uğurlu başlamaq baxımından çox vacib xallar idi.

 

Türkmənistanlı çalışdırıcı ardınca jurnalistlərin suallarını cavablandırdı:

 

– Zədəsini yeni sağaldan David Tavareş və yeni transfer İlya Balaunun start heyətində yer alması, komandaya adaptasiyaları və hazırkı formaları haqqında nə deyə bilərsiniz?

 

– Hər ikisi komandaya çox yaxşı uyğunlaşdı. Balaunun gəlişinə xüsusilə şadıq. Tavareşə gəlincə, o, bu mövsüm tam fərqli səviyyədə oyun nümayiş etdirir. Təlim-məşq toplanışındakı çıxışı da heyətdə ciddi rəqabətdən xəbər verir.

 

– Hücum xəttindəki durum necədir? Jounun son vəziyyəti və Vadjinin yoxluğu komandaya necə təsir edir?

 

– Jounun zədəsinin hansı dərəcədə ciddi olduğu sabahkı həkim müayinəsindən sonra bəlli olacaq. Vadji isə məşq zamanı zədələnib. Ümid edirik ki, hər ikisi tezliklə sıraya qayıdacaq.

 

– Mövsümün ilk matçında futbolçuların zədələnməsi təlim-məşq toplanışının ağır keçməsi ilə bağlıdır, yoxsa qarşılaşmanın gərginliyi ilə?

 

​– Futbolçuya arxadan və ya qabırğasına zərbə vurulursa, bunun fiziki hazırlıqla nə əlaqəsi ola bilər? Bu zədələr sırf ikili mübarizələrdən və mikrotravmalardan qaynaqlanır. Məsələn, Jouda da vəziyyət belə oldu, Balau da arxadan edilən fol zamanı ayağını burxdu. Yəni məsələnin fiziki forma ilə heç bir bağlılığı yoxdur.