Ötən mövsüm "İmişli" 1-ci liqaya debüt etməsiylə bölgəyə uzun illərdən sonra böyük futbola qayıtdı. Cari futbol ilində isə komandaya yeni sponsor gəldi. Belə ki, "RDC" MMC İmişli təmsilçisinin baş sponsoru oldu. "İmişli"nin İdarə Heyətinin sədri Kamran Eyyubov klubun bu mövsümdəki çıxışı, gələcək planlar, idman prinsipləri, elitada komanda sayının artımı və digər məsələlərlə bağlı fikirlərini Sport24.az saytına danışdı.


- "İmişli"nin sponsoru kimi komandanın cari mövsümdə çıxışını necə qiymətləndirirsiz?
- Sualınıza birmənalı cavab vermək olmur. Komandanın uğurlu çıxış edəcəyinə, çempion olacağına inanırdıq. Amma ümidlərimiz tam doğruldu desək, düz çıxmaz. Eyni zamanda ümidlərimiz heç doğrulmadı söyləməyimiz də yanlış olar. Ötən "futbol ili"ndə komanda autsayder idi. Ən az top vuran və çox qol buraxan kollektiv idik. Bu mövsüm isə İmişli təmsilçisinə sponsorluq etməklə çempionluğa iddialı komanda formalaşdırdıq. Düzdü, çempionluq şansımız minimum olsa da, çempionat davam edir və sona qədər mübarizə aparacağıq. Klubumuzun ümumi çıxışını orta qiymətləndirərdim.

 

- Klubu himayəyə götürdükdən sonra Əsgər Abdullayev kimi təcrübəli məşqçi dəvət etdiz, elita təcrübəsi olan futbolçularla gücləndiniz. Çoxları "İmişli"nin digər komandalardan bir baş üstün olacağını və erkən çempionluğu bayram edəcəyini gözləyirdi. Harda çatışmazlıq oldu ki, bu gün qarşıya qoyulan hədəfdən uzaq düşdüz?
- Çatışmazlıq deməzdim, sadəcə, ilk dövrədə az xal topladıq. Bunun da bir neçə səbəbi var. Öncə onu vurğulayım ki, təlim-məşq toplanışına bir qədər gec, iyulun 23-də başladıq. Heyəti qurmaq, futbolçuların bir-birinə uyğunlaşması müəyyən vaxt apardı. Rəqibləri də dəyərləndirmək lazımdı. Onlar mövsümə daha yaxşı hazırlaşmışdılar. Həmçinin digər klublar da bizə qarşı xüsusi motivasiya ilə çıxış edirlər. Eləcə də nəzərə alaq ki, "MKT-Araz" tarixin yaddaşına köçdükdən sonra 2022-ci ilə qədər İmişlidə peşəkar klub yox idi. Bölgədə futbolu yenidən qururuq.

 

- Şirkətinizin "İmişli"dən öncə "Kəpəz"ə dəstək olacağı deyilirdi. Gəncəlilərlə niyə razılığa gələ bilmədiz?
- Tək "Kəpəz"lə yox, "Mingəçevir"lə də danışıqlarımız olmuşdu. Hər iki klubun İdarə Heyəti ilə tanışlıq xarakterli görüşümüz olmuşdu. Sadəcə, "İmişli"də daha böyük perspektiv gördüyümüzdən bu bölgənin təmsilçisinə sponsorluq etməyi qərara aldıq. Aran zonasında futbola maraq böyükdü. Bu gün İmişli ilə Saatlı rayonlarının Region Liqası da daxil 4 təmsilçisi var. Millimizin aparıcı futbolçularından olan Emin Mahmudov əslən Saatlıdan, Bəhlul Mustafazadə İmişlidəndi. Rayon camaatı arasında futbola sevgi yüksək səviyyədədi. Düşünürəm ki, seçimimizdə yanılmamışıq.

 

- Bu mövsüm çempionluq şansınız minumumdu. Gələn mövsümün planlarını cızmısız?
- Cari mövsüm hələ davam edir. Qarşıda daha 3 tur var, sona qədər döyüşəcəyik. Dünya futbolundakı təcrübə göstərir ki, vaxtından əvvəl təslim olmaq olmaz. Ümid sonda ölür. Hələ İcraiyyə Komitəsinin qərarı da bilinmir. İstəyirik ki, adıçəkilən qurum sürpriz edib bizi sevindirsin. Yəni, 3 komandanın Premyer Liqaya gəlməsi yönündə "yaşıl işıq" yandırsın. Elitaya yüksələcəyimiz halda akademiyamızın yaradılması, uşaq futbolmuzun inkişafı və digər zəruri tələblər sahəsində işlər aparacağıq. Güclülər dəstəsindən kənar qalsaq, gələn mövsüm I Liqada yeni strategiya cızıb daha da iddialı olacağıq.

 

- Üç komandanın gəlişinə icazə verilsə, klubunuz elitanın tələblərinə uyğunlaşa biləcək?
- Bu gün elitada bölgəni təmsil edən komanda olsa da, obyektiv-subyektiv səbəblərə görə Bakıda məskunlaşan və ev oyunlarını da paytaxtda keçirən klub var. Premyer Liqaya çıxsaq qısa zaman kəsiyində İmişlidə lazımi işləri reallaşdıracağıq. Ev oyunlarımızı İmişli stadionunda keçirəcəyik. Hətta ot örütüyünün yenilənməsi üçün addım atılacaq. Qəbələdə qazon işinə baxan şirkət var. Onlarla danışıqlarımız olub. Bizə zəmanət veriblər ki, 2 aya qazonu istənilən səviyyəyə gətirəcəklər. Bu məsələ ilə bağlı Bakıda "Aqrosport" şirkətiylə də danışıqlarımız olub. Hətta bu yaxınlarda UEFA nümayəndəsi  də stadionumuza baş çəkib, təmir və yenidənqurma işləriylə tanış oldu. O, arenanın bir il müddətində UEFA-nın 3-cü kateqoriyasına daxil ola biləciyni vurğuladı. Bu yaxınlarda AFFA-nın baş katibi Sərxan Hacıyevlə də görüşümüz olub. Müzakirə zamanı bir çox məsələlərdən danışmışıq. Azərbaycanda futbolun inkişafını istəyiriksə, klublara müəyyən dividendlər verilməlidi. Yəni, bu gün hansısa klub tam olaraq elita standartlarına cavab verməsə belə, ona müəyyən güzəştlər edilməlidi. Bizim oyunumuzdan çəkilən qısa videonu instaqramda 10 milyon insan izləyib. İnanmıram ki, bir-iki elita təmsilçisindən başqa, hansısa oyuna bu qədər baxış olsun. Qısası, Sərxan bəylə görüşdə hiss etdim ki, AFFA peşəkarlaşma yönündə addım atan klublara dəstək olmaq istəyir. Bir daha qeyd edim ki, bizə elitada oynamaq şansı verilsə bu tək bizim yox, ölkə futbolunun inkişafına təkan olacaq. Avropa Bankı ilə danışıq aparırıq. İnfrastrukturumuzun yenilənməsində maraqlıyıq. 4 ehtiyat meydanımız var, onların hər birini müasir standartlara cavab verən vəziyyətə gətirmək istəyirik. Gördüyümüz işlərlə bağlı müntəzəm olaraq AFFA və PFL rəhbərliyinə məlumat veririk.

 

- Lisenziyalaşdırma Qrupuna müraciət etmisiz. Tələb olunan meyarlar üzrə hansısa çatışmazlıqlar var?
- Tələb olunan 6 meyarın 57 bəndinin hər birini yerinə yetirmişik. Bununla bağlı sənədimiz də var. Hazırda qurumun qərarını gözləyirik.

 

- Elitaya yüksələ bilməsəz və baş məşqçi daha keyfiyyətli legionerlərin transferini istəsə, onun tələbini yerinə yetirəcəksiz?
- Bu barədə danışmaq tezdi. Yenə deyirəm, mövsüm hələ bitməyib. Ümumi qeyd edim ki, baş məşqçimizlə müzakirə aparıb uzunmüddətli strateji layihələr istiqamətində işlər görməyi planlaşdırırıq. Bu yaxınlarda Argentinaya işgüzar səfərə getmişdim. Adıçəkilən ölkənin bir çox böyük klublarının düşərgəsinə baş çəkdim,ordakı şəraitlərlə tanış oldum. Fikrimcə, elitada oynayacağımız təqdirdə Argentina klublarının təcrübəsindən yararlansaq pis olmaz. Ordakı mütəxəssislərlə də əməkdaşlıq edəcəyik. I Liqada qalsaq, büdcəni yenidən nəzərdən keçirəcəyik. Kommersiya maraqlarımızı güdəcəyik. Əsas məqsəd gəlir əldə etmək, fayda götürməkdi.

 

- AFFA I Liqa təmsilçiləri üçün 300 min manat pul ayırır. Yeni mövsüm üçün bu məbləğin artırılması gözlənilir. Sizcə, I Liqa klublarına nə qədər maliyyə ayrılmalıdı?
- Vergilərin 5 faizdən 20 faizə qədər artmasını nəzərə alsaq, ortabab komanda qurmaq üçün minimum 500 min manat tələb olunur. Çempionluq uğrunda mübarizə aparan klublar üçün isə 1 milyon civarında vəsaitə ehtiyac var.

 

- İdman prinsipləri qorunması barədə fikirləriniz?
- Səmimi etiraf edək ki, biz idman prinsipinə məhdud çərçivədən baxırıq. Burda lisenziyanın verilməsi, stadiona sahib olması, komandanın meydana çıxıb oynaması və s. nəzərdə tutulur. Amma idman prinsipinin aliliyini təmin etmək istəyiriksə məsələyə daha geniş aspektdən yanaşmalıdıyıq. Nə qədər qəribə səslənsə də, ölkə olaraq futbol sahəsində müəyyən nailiyyətlərimiz var.  Bura "Qarabağ"ın sabit olaraq avrokubokların qrup mərhələsində oynamasından tutmuş, klub və yığma səviyyəsində qitəmiqyaslı yarışlara ev sahibliyi etməyimizi göstərmək olar. Təəssüf ki, idman nəticələrimiz zəifdi. Bu çatışmazlığı aradan qaldırmaq üçün mütləq bölgələrdə futbolumuzu inkişaf etdirməliyik. Baxın, Bakıdan Qazaxa qədər yolun sağ tərəfində klublarımız var, solunda isə azdı, ya da yoxdu. Bu gün Cənub, Şimal və Aran bölgələrinin futbol təmsilçiləri yoxdu. Halbuki bu bölgələr daim ölkə futboluna oyunçular yetişdirib və klubları böyük azarkeş ordusu toplayıb. 24-cü turda "Karvan" səfərində məğlub olsaq da, Yevlax şəhər stadionunda ajiotaj gördüm və bundan zövq aldım. Premyer Liqada 10 yox, 12 və ya daha çox komanda olsa və bölgə təmsilçilərinin sayı artsa, oyunlar dolu tribunalar qarşısında keçər. Məni yanlış anlamayın, 10 komandadan əksəriyyəti Bakı və Bakıətrafını təmsil edir. Belə olan halda nə inkişafa nail olacağıq, nə də azarkeş marağı artacaq. Bir komanda digəri ilə mövsüm ərzində 4 dəfə üz-üzə gəlir, bəzən kubokda da rəqib olduqda bu say 6 olur. Bu isə monotonluq deməkdi. Hər bölgənin özünəxas futbol mədəniyyəti var. Bu gün "İmişli" elitada oynasa stadionumuza yalnız imişlilər yox, ətraf rayonlardan da azarkeşlər gələcək. Yəni, bizim möhtəşəm azarkeş ordumuz olacaq. Həmçinin Saatlıdan, Sabirabaddan, Beyləqandan, Füzulidən və digər rayonlardan valideynlər futbola marağı olan uşaqlarını akademiyamıza yönəldəcək.

 

ABDULLA İSMAYILOĞLU