“İrəvan”da yaşananlar futbol ictimaiyyətinə məlumdu. Sport24.az xəbər verir ki, Qərbi Azərbaycan təmsilçisinin futbolçuları maaşlarını ala bilmədiklərindən ötən həftə həm məşqləri boykot etdilər, həm də “İmişli” ilə səfər oyununa yollanmadılar.
Oktyabrın 26-da Nazim Süleymanovun çalışdırdığı komandanı “Şamaxı “ ilə ağır oyun gözləyir. Görəsən, klubun düşərgəsində nələr yaşanır, futbolçular məşqə çıxırlar? “Şamaxı” ilə matçda futbolçular meydana çıxacaq? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “İrəvan”ın kapitanı Vüqar Bəybalayevlə danışmağı lazım bildik.
- “Şamaxı” ilə oyuna 3 gün qalıb. Düşərgədə vəziyyət necədi?
- Öncə onu qeyd edim ki, heç kim bizi qınamasın. Hamı pulunu, haqqını tələb edir. Bu qərarı bir yerdə vermişik. Nazim Süleymanov “kim istəmir çıxıb gedə bilər” söyləyəndə hamımız otağı tərk etdik. Tutaq ki, mənim pulumu köçürdülər. Nə dəyişəcək? “Qardaşlar sizin yolunuz ayrı, mənim yolum ayrı” deyib, kollektivdən ayrı düşməyəcəm? Mən bunu özümə yaraşdırmaram. Hamının pulu eyni vaxtda köçürülməlidi. Lap hamımızın məvacibini, mükafatlarını köçürdülər. Ancaq Asimin əməliyyatına yaxın durmasalar, qərarımızı dəyişməyəcəyik. Asim Əlizadə dəfələrlə axsaya-axsaya bazaya gəlib-gedir. 6 ay onsuz da futbolsuz qalacaq. Bir tərəfdən də 2 ay itirir. Asim zədəli ola-ola, mənim maaş alıb meydanda məşq etməyim heç bir çərçivəyə sığmaz. Vicdanım buna yol verməz. Məncə, komanda yoldaşlarımın hamısı belə fikirləşir. Düzdü biz hər dəfə “hərə özünə cavabdehdi” söyləyirik. Ancaq bu o demək deyil ki, mən pulumu alacağım halda birgə qərar verdiyimiz komanda yoldaşlarımı yarıyolda buraxıb gedə bilərəm. Bu addım kişiyə yaraşmaz. Yenə deyirəm, ya hamının maaşı vurulacaq oyuna çıxacağıq, ya da boykot qərarı davam edəcək. Bəlkə kimsə “ailəmdə problem var. Pulum vurulsa meydana çıxacam” deyə bilər. Çətinlik hamıda var. Məhz bu problemlər səbəbindən bu yola əl atdıq. Fikrimcə, kimsə pulunu götürüb oyuna çıxsa, pulu köçməyən komanda yoldaşını fikirləşməsə bu kişiliyə sığmaz.
- Boykot qərarı verdikdən sonra məşq etdiyiniz gün olub?
- Xeyr. Biz pulumuzdan əvvəl Asimin Türkiyədə əməliyyat olunmasını tələb edirik. Ondan sonra maaşımızı versinlər. İyulun 7-dən məşqlərə başlamışıq. Bu günə kimi müqavilə şərtlərində göstərilən əmək haqqının heç 25 faizini almamışıq. Bunun qarşılığında biz niyə məşqə çıxaq? Havayı oynamalıyıq?
- Geridə qalan günlərdə klub rəhbərliyi komanda üzvləri ilə görüşüb problemin həlli yönündə hansısa təklif irəli sürüb?
- Rəhbərlik AFFA tərəfindən ayrılan 30 min manatı uşaqların arasında bölməyi təklif edib. Biz buna razı olsaydıq, “İmişli” ilə oyuna çıxardıq. Bu məbləğ məvacimizin maksimum 25 faizini qarşılayır. Bununla razılaşsaydıq boykot qərarı verməzdik.
- “Şamaxı” ilə matça qədər tələbləriniz yerinə yetirilməsə hansı addımı atmağı düşünürsüz? Onu da nəzərə alın ki, bu “İrəvan” üçün sonuncu şansdı...
- Həll olumasa niyə oyuna çıxaq? Bu addımı atmışıqsa, sonadək sözümüzün üstündə duracağıq. Məncə, bizdən öncə klub rəhbərliyi bunu anlamalıdı. İnanmıram ki, aramızda kimsə bütün futbolçular maaşını almayacağı təqdirdə meydana çıxsın. Zədəli Asimi, bazadan qovulan oyunçuları fikirləşməyən futbolçu sabah kollektiv qarşısına hansı üzlə çıxa bilər?
RƏŞAD QASIMOV