"Milli komandamızın Millətlər Liqasında hər iki oyunda məğlub olmasına məyus oldum. Halbuki, Bakıda İsveçə qarşı yaxşı mübarizə apardıq. İlk yarıda yetərincə qol imkanı qazandıq, amma şansları boşa verdik. Əsas fasilə ərəfəsində qazanılan penaltidən yararlana bilmədik ki, həmin anda qol vursaydıq, böyük ölçüdə matçın taleyinə təsirsiz ötüşməyəcək, ən azı məğlub olmayacaqdıq. Nə yazıq ki, alınmadı. Slovakiya ilə oyunda isə ilk yarıda zəif çıxış etdik, müdafiədə kobud səhvlərə yol verdik. İkinci hissədə bir qədər toparlansaq da, hesabda dəyişiklik edə bilmədik. Görünən odur ki, yığmamızda problemlər yetəri qədərdi və onları aradan qaldırmaq lazımdır". Bu fikirləri Sport24.az-a açıqlamasında İqor Ponomaryov deyib.

 

Vetetan futbolçu Fernandu Santuşun iki oyundakı məşqçi işi barədə də danışıb: "Portuqaliyalı mütəxəssisinin komandanı oyunlara hazırlamaq üçün vaxtı az oldu. Hər iki matça hazılaşmaq üçün cəmi iki gün vaxtı var idi. Belə olan halda daha çox psixoloji hazırlıq önə çıxır. Həmçinin hər iki oyunda portuqaliyalı mütəxəssis fərqli heyəti meydana buraxmışdı ki, bununla o, sanki eksperiment aparırdı. Santuşun bu addımı özünü doğrultmadı. Ümumi götürəndə Santuşun işinə qiymət vermək tezdi. Bir qədər səbr edib qarşıdakı matçlardakı oyun tərzinə və nəticələrə baxmaq lazımdı. Yalnız bundan sonra nəsə demək olar".

 

Qeyd edək ki, milli komanda Millətlər Liqasının ilk iki oyununu məğlub başa vurub. Sentyabrın 5-də "Tofiq Bəhramov"da İsveçə 1:3 hesabı ilə yenilən yığma, sentyabrın 8-də səfərdə Slovakiyaya 2 cavabsız qolla yenilib.

ABDULLA İSMAYILOĞLU