"İmişli" peşəkar futbol klubu fiziki məhdudiyyətli gənc – Hüseyn İsmayılovun ailəsini ziyarət edib və ona xüsusi hədiyyələr təqdim edib. Sport24.az xəbər verir ki, Hüseynin futbola olan böyük sevgisi və həyat hekayəsi klub rəhbərliyi və üzvləri tərəfindən böyük maraq və həssaslıqla qarşılanıb.

 

Hüseyn İsmayılov uşaq yaşlarından peşəkar futbolla məşğul olub. Lakin 15 yaşında məşq zamanı aldığı ağır baş zədəsindən sonra ona iflic diaqnozu qoyulub. Artıq 10 ildir ki, Hüseyn əlil arabasında hərəkət edir.

 

Ziyarət zamanı "İmişli" tərəfindən Hüseynə əlil arabası hədiyyə edilib. Eyni zamanda komandanın rəsmi forması da gənc futbolsevərə təqdim olunub. Klubun prezidenti Kamran Əyyubovun Hüseynə ünvanladığı xoş arzular və sağlamlıq diləkləri ailəyə çatdırılıb.

 

Görüşdə klub nümayəndələri və komanda üzvləri iştirak edərək Hüseynin sevincinə şərik olublar.

 

"İmişli" bu kimi addımlarla cəmiyyətin həssas təbəqələrinə dəstək olmağı və sosial məsuliyyət təşəbbüslərini davam etdirməyi qarşısına məqsəd qoyub.