"Son turda qarşılaşdığımız "Cəbrayıl"ı yaxşı təhlil etmişdik. Heyətində keyfiyyətli legionerlər var. Döyüşkən, mübariz komandadır". Bu sözləri Sport24.az-a açıqlamasında Birinci Liqa təmsilçisi MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

50 yaşlı mütəxəssis komandasının Birinci Liqanın 13-cü turunda "Cəbrayıl" oyunundan razı qalmadığını bildirib:

"Matç Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirildi. Hava şəraiti oyuna təsir etdi. Qarşılaşmanın böyük bir hissəsi qatı dumana düşdü və futbolçular üçün oynamaq çətin idi. İki qol vursaq da, qapımızda da eyni sayda qol gördük".

O, qalib gələ bilməmələrinin səbəbini də açıqlayıb:

"Müdafiədə etdiyimiz səhvlər qələbə qazanmağa imkan vermədi. Qış fasiləsində 3 yoldaşlıq oyunu keçirdik. Bu matçlarda çalışırdıq ki, komandaya yeni qoşulan futbolçulara diqqət edək. Hücum xəttində pis deyilik. Sırf müdafiədə komanda şəkilində zəifl təsir bağışlayırıq. "Cəbrayıl"la qarşılaşmada həm nəticədən, həm də oyundan razı qalmadıq. Yeni transferlər komandaya yaxşı qoşulub. Hələ uyğunlaşmaq üçün onlara vaxt lazımdır".

Qeyd edək ki, sözügedən oyun Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. "Cəbrayıl" - MOİK matçı 2:2 hesabı ilə başa çatıb.